Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bakutelin 20 illik yubileyi qeyd edilir

1947
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün Bakı Expo Mərkəzində 20-ci Bakutel– Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı öz işinə başlayır. Ənənəvi olaraq, hər ilin sonunda beynəlxalq cəmiyyətin diqqəti regionda İKT üzrə aparıcı mövqe qazanan Bakutel sərgisinə yönəlir. Ölkə Prezidenti cənab İlham Əliyevin hər il Bakutel sərgisi keçirilən məkana gələrək, ekspozisiyaların hər biri ilə yaxından tanış olması Azərbaycanda bu sahənin inkişafına verilən önəmdən xəbər verir. Təsadüfi deyildir ki, hazırda yeni texnologiyalar bazarında mövqeyə sahib olan bir sıra şirkətlər öz inkişaf yoluna məhz Bakuteldə başlamışdır.

Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına münbit şərait yaratmaqla yanaşı, həm də ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata keçirilməsinin göstəricilərindən biridir.

Sərgi iştirakçıları

Bakutelin bu yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da dünyanın aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderlər, sistem inteqratorları və məşhur brendlərin distribütorları yer almaqdadır. Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.

20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz mindən çox ziyarətçi sərgidə iştirak edib. Sərginin daimi iştirakçıları sırasında: "Avirtel”, "Azercell Telecom MMC”, "Azerfon MMC”, "Azqtel”, "Aztelekom İB”, "Bakcell”, "BestComp Group”, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Caspel”, "Сaspian Navtel”, "Connect”, "Delta Telecom LTD”, "Iskratel”, "Microsoft Azerbaijan LLC”, "R.I.S.K.”, "SİNAM”, "Smart Systems Technology MMC”, "Softline International”, "Teleradio İB” və "Ultra Technologies” şirkətləri var.

Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub.

Azərbaycan "Bakı-2015” Birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və "Bakutel” sərgisi bu əlamətdar hadisəni əks etdirməyə bilməzdi. Kompleksin foyesində yerləşən "Bakı-2015” adlı stend Avropa oyunlarına hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.

"E-hökumət 3.0”-lə, yeni elektron xidmətlərlə tanış olun!

Artıq neçənci ildir ki, sərgidə öz yeniliklərini nümayiş etdirən Məlumat Hesablama Mərkəzi bu il də "Elektron Hökumət Portalı” pavilyonu ilə təmsil olunacaq. "Elektron Hökumət Portalı” vasitəsilə bir sıra elektron arayışların əldə olunması imkanları iştirakçılara nümayiş etdiriləcək. Qeyd edək ki, həmin arayışlar müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır və bu arayışların vətəndaş tərəfindən əldə edilməsi bəzən sutkalarla vaxt tələb edirdi. Bu arayışların elektron formada tətbiqi vaxta qənaətlə yanaşı süründürməçiliyin qarşısını alacaq, bürokratik maneələri aradan qaldıracaq və lazımsız kağız itkisini əngəlləyəcəkdir. Eyni zamanda portal vasitəsilə dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, onlayn müraciətlər göndərmək və portal vasitəsilə onları izləmək imkanları kimi bir sıra innovativ e-xidmətlərlə sərgidə əyani tanış olmaq mümkündür.

Sərgidə vətəndaşlara "Elektron hökumət" portalına daxil olmaq üçün tələb olunan kod/parol daha asan – mobil versiyada paylanılacaq. Bundan əlavə sərgidə fəal iştirakçılara e-imza kartlarının pulsuz paylanılması və bir sıra kampaniyaların da keçirilməsi planlaşdırılır.

Sərgi çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP) və "Microsoft” şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar” adlı beynəlxalq konfrans dünyada və ölkəmizdə elektron hökumətin formalaşdırılması üzrə fəaliyyət və inkişaf perspektivlərinə həsr olunub.

İştirakçılar arasında Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi, "Skolkovo” texnoloji parkı və "Microsoft” rəhbərlərinin nümayəndələri, eləcə də Dünya Bankının müvafiq şöbələrini, Avstriya Federal Dəftərxanasını və Türkiyə Baş Nazir Aparatını təmsil edən məsul şəxslər, o cümlədən elektron hökumət üzrə Koreya, Qazaxıstan, Çexiya, Moldova və digər ölkələrdən olan mütəxəssislər iştirak edəcəklər (Bakı Ekspo Mərkəzi, 3 dekabr).

Nəqliyyat vasitələri

Ziyarətçilərin rahatlığı üçün hər bir saatdan bir "Koroğlu” metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə marşrut üzrə pulsuz işləyən xüsusi avtobuslar təşkil olunub. Bu avtobusların qrafiki ilə sərginin rəsmi veb-saytındaətraflı şəkildə tanış olan bilərsiniz.

Sərginin sponsorları

"Bakutel-2014” sərgisinin baş sponsoru "İntel” (ABŞ) korporasiyasıdır. Digər sponsorlar arasında "Eurodesign” (Azərbaycan) və "Tecnotree” (Finlandiya) şirkətləri yer alır.