Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Vətəndaşlar daha bir arayışı "Elektron hökumət" portalı vasitəsilə əldə edə biləcəklər

14126
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir elektron xidməti "Elektron hökumət" portalına ineqrasiya edilmişdir. Artıq vətəndaşlarımız bu elektron xidmət- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən "İş yerinə dair arayış” xidməti vasitəsilə heç bir yerə müraciət etmədən, rahatlıqla iş yerinə dair arayışı elektron şəkildə əldə edə biləcəklər.

Qeyd edirik ki, elektron arayışların bir sira üstünlükləri var:

- Vətəndaşların vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;

- Bürokratik proseslərin aradan qaldırılması;

- Vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminliyin olması;

- Müxtəlif qurumlara saxta arayışların təqdim edilməsinin aradan qaldırılması;

- Şişirdilmiş əmək haqqlarının göstərilməsinin qarşısının alınması

və sair.

İstifadəçi portalda "İş yerinə dair arayış” e-xidmətinə daxil olan zaman onun FİN-nə uyğun olaraq iş yerlərinin siyahısı avtomatik olaraq ekranda əks olunur. Növbəti addımda istifadəçi açılmış arayış formasında arayışın növünü (əmək haqqının göstərilməsi və ya göstərilməməsi), təyinatını (kredit almaq üçün, viza almaq üçün və ya digər), təqdim olunacağı qurumu (ümumi və ya ünvanlı), son etibarlılıq tarixini və digər zəruri məlumatları daxil edir.

Əgər daxil edilən hər hansı bir məlumat müvafiq formata uyğun deyilsə və ya qeyri-dəqiq məlumat daxil edilmişdirsə, ekranda həmin xana üzərində istifadəçiyə qeyd şəklində məlumat bildirilir. Bütün məlumatlar düzgün şəkildə daxil edildikdən sonra istifadəçi "Təsdiqlə” düyməsini klikləyir.

Bundan sonra arayış PDF formatında istifadəçinin kompüterinə yüklənir. Sistem tərəfindən arayışın aşağı hissəsində onun doğruluğunu təsdiqləyən QR kod qeyd olunur. Arayışı çap etmək və elektron şəkildə aidiyyatı e-poçt ünvanına göndərmək mümkündür.

Qeyd edək ki, "İş yerinə dair arayış” müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardandır.

Ümumiyyətlə, elektron arayışların tətbiqi gələcəkdə vaxta qənaət edilməklə yanaşı süründürməçiliyin qarşısını alacaq, bürokratik maneələri aradan qaldıracaq və lazımsız kağız itkisini əngəlləyəcəkdir.