Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Rəqəmsal gələcəyin başlanğıcı və əsası - "Elektron hökumət"

1834
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Sosial xidmətlərin elektronlaşdırılması rəqəmsal gələcəyin formalaşdırılması istiqamətində atılan mühüm addımlardandır. Rəqəmsal gələcək - ənənəvi metodlardan qaynaqlanan bürokratik əməliyyatların mövcud olmayacağı, ictimai qərarvermənin ölkə idarəçiliyinə tətbiq ediləcəyi və sosial rifahı sürətləndirəcək innovativ metodların bərqərar olacağı bir cəmiyyətin formalaşdırılması deməkdir. Rəqəmsal gələcək ictimai əhəmiyyətli xidmətlərin elektronlaşdırılaraq keyfiyyət göstəricilərini yüksəltməklə və bütün vətəndaşlar üçün əlçatan edilməklə təşəkkül tapacaqdır.

"Elektron hökumət" qurucuğu rəqəmsal gələcəyin  başlanğıc nöqtəsini və əsasını təşkil edir. Demək olar ki, dünyanın bütün ölkələrində tətbiq edilən bu infrastruktur bəşər cəmiyyətinə yeni idarəetmə üsullarını təqdim edir. İnkişaf etmiş ölkələrdə "Elektron Hökumət", elektronlaşmış xidmətlər, cəmiyyətin  qərarvermədə müstəqil iştirakının təmin edilməsi - idarəetmə sistemlərinin prioriteti hesab edilir.

"Elektron hökumət"i ənənəvi hökumətin analoqu və ya əlavəsi kimi dəyərləndirmək heç də düzgün deyil. "Elektron Hökumət" İKT-dən fəal istifadə etməklə bu sferada dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yaradılan yeni qarşılıqlı münasibətlər sistemidir. Bu sistemin dövlət-vətəndaş, vətəndaş-dövlət münasibətlərinin təkmilləşməsində və demokratik cəmiyyət quruculuğunun formalaşmasında müstəsna əhəmiyyəti var.

Müstəqilliyini yenicə qazanmasına baxmayaraq, Azərbaycanda da köhnə idarəçilik sisteminin bürokratik kökləri  əsaslı şəkildə aradan qaldırılır, sosial yönümlü idarəetmə sisteminin bərqərar olmasına səy göstərilir. Hazırda Respublikanın bütün idarəetmə orqanlarında bu istiqamətdə ciddi işlər görülür. "Elektron Hökumət" portalı, e-imza, xidmətlərin elektronlaşdırılması, bütün qurumlarda elektron müraciətlərin təşkili bu işlərin bariz nümunəsidir. Kağız üzərində olan sənədlərin elektron sənədlərlə əvəzlənməsi, sosial xidmətlərin keyfiyyət göstəricilərinin artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin təqdim olunması həm də insanlarda  idarəçilik sisteminə etibarı təmin edir.

Bu gününə inanan, gələcəyindən arxayın olan cəmiyyət isə bütün demokratik idarəçilik sistemlərinin lokomotivi hesab olunur.