Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət"in təşkil etdiyi maarifləndirici tədbirlər

2261
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnformasiya cəmiyyətinin və rəqəmsal quruculuğun mühüm komponenti olan "Elektron Hökumət" portalının hədəfi bütün inkişaf mərhələlərində ictimai məmnuniyyət üzərində cəmlənmişdir. Hökumət yönümlü, vətəndaş yönümlü, eləcə də fərd yönümlü xidmətlərin hazırlanmasında başlıca məqsəd vətəndaşlarımızla dövlət qurumları və özəl qurumlar arasında daha rahat və şəffaf elektron münasibətlərin təmin edilməsidir.

Məlumdur ki, rəqəmsal cəmiyyətin təşəkkülü tədricən reallaşan çoxşaxəli prosesdir. Bu prosesin aparıcı qüvvəsi ictimai məlumatlılıqdır. Belə ki, görülən işlərin vaxtında və məqsədəuyğun şəkildə cəmiyyətə çatdırılması kütləvi istifadəni təmin etməklə ictimai tələb-təklifi sürətləndirir.

Bununla bağlı, "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən portalın fəaliyyətinin genişləndirlməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Belə tədbirlərin mövzusu “Elektron Hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, elektron sənəd və s. istiqamətlərdə MHM tərəfindən həyata keçirilən tədbirlərin  mahiyyəti, əhəmiyyəti və üstünlüklərini əhatə edir. Məqsəd, reallaşdırılan işlər barədə ətraflı informasiya verməklə hər bir Azərbaycan vətəndaşını "Elektron Hökumət" portalından, e-imzadan istifadəyə dəvət etmək, onları rəqəmsal cəmiyyətin tərkib hissəsinə çevirməkdir.

2015-ci il üçün Tədbirlər Planı hazırlanarkən müxtəlif yaş dövrlərində olan vətəndaşlar nəzərə alınmış, orta və ali tədris müəssisələrində təhsil alan gənclər, ictimaiyyətlə birbaşa ünsiyyət yaradan mətbuat işçiləri, bank sektorunun əməkdaşları  xüsusilə diqqət mərkəzində olmuşdur.

Çari ildən etibarən aylıq "Elektron Hökumət" bülletenlərinin təqdimatı üzrə hər ay brifinqlər təşkil edilir,  "Elektron Hökumət" üzrə ən yeni xəbərlər mətbuat işçilərinə birbaşa təqdim olunur və bu yeniliklərin işıqlandırılması üçün lazımi şərait yaradılır. Eyni zamanda hər dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri brifinqə dəvət edilir və onlar mətbuat işçilərinin suallarını cavablandırırılar.

Bundan əlavə, təsdiq olunmuş plana uyğun olaraq, mart ayında “Elektron Hökumət” üzrə jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün MHM-də 2 günlük kurs təşkil olunmuşdur. İki gün davam edən kurs çərçivəsində elektron hökumətin infrastrukturu, elektron xidmətlər, Dövlət Reyestrlərinin yaradılmasının məqsədi, açıq hökumət məlumatları və eləcə də, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, e-xidmətlərin, həmçinin, e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu barədə ətraflı informasiya verilmiş və sonda  iştirakçılara xüsusi sertifikatlar təqdim edilmişdir.

"Elektron Hökumət" quruculuğu üzrə təşkil olunan maarifləndirici tədbirlərin digər məqsədlərindən biri qurumlar arasında səmərəli əməkdaşlığın yaradılmasıdır.  Cari ilin əvvəlindən bu məqsədlə  bank işçiləri  üçün  seminarlar təşkil edilmişdir.

Fevral-mart aylarında portalın əməkdaşları Xəzər Universitetinin Dünya məktəbinin və Avropa Liseyinin şagirdləri ilə görüşmüş, gənclərə müasir idarəçilik metodu olan "Elektron Hökumət", elektron xidmətlər barədə ətraflı məlumat verilmişdir.

İlin əvvəlindən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və ADA Universitetində "Elektron hökumət və gənclər" mövzusunda seminarlar təşkil olunmuş, Elektron hökumət"in əhəmiyyəti, e-xidmətlərin gənclərin həyatında rolu, Açıq Hökumət Məlumatları və bununla bağlı olan  startup layihələri barədə gənclərə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, cari ildə MHM-in mütəxəssisləri bir çox seminarlara və görüşlərə dəvət almışdır. Yanvar ayında Azərbaycan Dillər Universitetində keçirilmiş dəyirmi masada Elektron Hökumət quruculuğu, elektron xidmətlərin təşkili və əhəmiyyəti barədə ətraflı informasiya verilmiş, tələbələrin sualları cavablandırılmışdır.

"Elektron Hökumət"in üçüncü mərhələsi Açıq Hökumət Məlumatları üzrə təşkil olunmuş startup toplantılarının daimi aktiv iştirakçısı olan - MHM Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələrinə "Elektron Hökumət" quruculuğu,    e-xidmətlər, "Elektron Hökumət" portalı, e-sənəd, e-imza, Açıq Hökumət Məlumatları, MHM tərəfindən hazırlanmış data.gov.az portalı barədə geniş məlumat verilmişdir.

Cari ildə MHM və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşəbbüsü ilə İcra Hakimiyyəti nümayəndələri üçün bir neçə dəfə təşkil olunmuş seminarlarda MHM-in mütəxəssisləri tərəfindən iştirakçılara "Elektron Hökumət"  portalı və e-imza layihələri barədə həm nəzəri həm də praktiki məlumatlar verilmişdir.

Bütün bu görülən tədbirlərin başlıca məqsədi hər bir Azərbaycan vətəndaşını "Elektron Hökumət"  portalı, e-xidmətlər, e-imza ilə yaxından tanış etməklə bu rəqəmsal üstünlükləri cəmiyyətə açıq etməkdir. Bu məqsədlə, tədbirlərdə  aktiv iştirakçılara bir çox həvəsləndirici hədiyyələr, mükafatlar və e-imza sertifikatları  təqdim olunmuşdur.

Qeyd edək ki, görülən tədbirlər nəticəsində portaldakı e-xidmətlərdən və elektron imzadan istifadə edənlərin sayı sürətlə artmışdır.

  Portaldakı e-xidmətlərdən istifadə edənlərin sayı cari ilin əvvəlindən dinamik şəkildə artmışdır:

Eyni zamanda portaldakı e-xidmətlərdən istifadə sayı da cari ilin əvvəlindən kəskin şəkildə artmışdır:

E-imza istifadəçilərinin sayı da cari ilin əvvəlindən artmaqdadır:

Keçirilən maarifləndirici təlimlərin digər bir əhəmiyyəti məhz belə tədbirlər vasitəsilə ictimai tələbin müəyyən olunması və sosial tələbatın çox olduğu xidmətlərın aşkar edilərək elektronlaşdırılmasıdır. Belə ki, baş tutan təlimlər çərçivəsində iştirakçılarla şifahi və yazılı şəkildə sorğular keçirilir, Elektron Hökumət quruculuğu üzrə fikirlər, təkliflər öyrənilir və qiymətləndirilir. Belə təşəbbüslərin nəticəsi olaraq, hazırda vətəndaşların portal üzərindən aktual istifadə etdikləri 9 elektron arayış növlərini, İcra Hakimiyyətləri üzrə  onlayn qəbula yazılış e-xidmətini və s.  xidmətləri göstərmək olar.

Belə xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi üçün hazırda aidiyyatı qurumlarla lazımi işlər aparılır və tezliklə bir çox yeni e-arayışların və e-xidmətlərin portalda yerləşdirilərək vətəndaşlarımızın istifadəsinə verilməsinin şahidi olacağıq.