Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən iyul ayı ərzində 109737 dəfə istifadə olunub

19261
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Elektron hökümət” portalı bu gün  vətəndaşlara 409 elektron xidmət təqdim etməkdədir. Portal fəaliyyətə başladığı vaxtdan öz işini istifadəçi tələbatı və marağı üzərində mərkəzləşdirmiş və sosial xidmətlərin elektronlaşması istiqamətində mühüm işlər görülmüşdür. Qazanılan təcrübə sayəsində, ölkəmizdə sosial xidmətlərin elektronlaşdırılması prosesi hər il daha məqsədyönlü şəkildə həyata keçirilir və sosial mühitin ən aktual sahələri üzrə mövcud xidmətlər elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilir.

Qeyd etmək lazımdır ki, rəqəmsal xidmətlər məmur-vətəndaş münasibətlərində şəffaflığı təmin etməklə yanaşı, həmçinin idarəçilik prinsiplərinin effektivləşdirilməsinə xidmət edir. Buna əyani nümunə kimi, əmək müqaviləsi bildirişlərinin “Elektron Hökumət” portalı üzərindən qeydiyyata alınması xidmətini göstərmək olar. Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin iyul ayından başlayaraq əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin formalaşdırılmasına başlanılımışdır və sistemə əmək müqaviləsi bildirişləri “Elektron Hökumət” portalı vasitəsilə həyata keçirilir.

Qanunvericiliyə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir.

Yardılan informasiya sistemi işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrinin ayırd edilməsinin asanlaşmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Eyni zamanda bu sistem iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması üzrə işlərin keyfiyyətinin artmasına gətirib çıxarır.

Qeyd olunan informasiya sistemi vətəndaşlara “Elektron Hökumət” portalı vasitəsilə  özlərinə aid əmək müqaviləsi bildirişləri barədə məlumatları “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vasitəsilə asanlıqla əldə etmələrinə imkan yaratmışdır.
Beləliklə, hər bir işçi portalda qeydiyyatdan keçməklə, əmək müqaviləsi və əmək haqqı barədə məlumat ala bilir, eyni zamanda “İş yerinə dair arayış”ı formalaşdırıb aidiyyatı quruma həm elektron, həm də kağız şəklində göndərə bilir.

Qeyd edək ki, cari ilin iyul  ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 109737  dəfə istifadə edilmişdir.