Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

İyul ayı ərzində “Elektron Hökumət” portalındakı xidmətlərindən ən çox istifadə olunmuş 5 qurum

2887
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Elektron hökumət - informasiyanın elektron emalı, ötürülməsi və paylaşılması üçün əvəzedilməz vasitədir. Elektron hökumət ənənəvi idarəçilik metodlarının davamı və ya analoqu deyil, dövlət xidmətlərinin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qarşlıqlı münasibətlərin təşkilinin yeni metodudur.

Dünyada informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir zamanda ölkəmizdə də elektron hökumətin  və elektron xidmətlərin yaradılması və  elektron sənəd mübadiləsinin tətbiqi çox aktual və praktik mahiyyət daşıyır.

Məlum olduğu kimi, "Elektron Hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə  50-ə yaxın elektron xidmət inteqrasiya olunmuşdu. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı isə 409-dur. Portaldakı e-xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Belə ki, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə etmişlər. Təbii ki, daha çox sosial tələbat olan, ictimai xarakter daşıyan və istifadəsi asan olan  elektron xidmətlərdən istifadə edənlərin sayı daha çox olur.

Cari ilin iyul ayı ərzində  "Elektron Hökumət" portalındakı elektron xidmətlərindən ən çox istifadə olunmuş 5 qurum aşağıdakılardır:

  1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
  2. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  4. Dövlət Sosial Müdafiə Fondu
  5. “Elektron Hökumət” portalının elektron arayışlar xidməti

“Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, iyul ayı ərzində ən çox  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub. Belə ki, qurumun elektron xidmətlərindən  854357 dəfə istifadə edilib. Qeyd edək ki, TQDK-nın ən çox istifadə olunan xidmətləri qəbul imtahanlarına buraxılış vəqərələrinin verilməsi və namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi  ilə bağlı olan xidmətlərdir.

Xidmətlərinin istifadə statistikasına görə ikinci olan qurum  Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərdir. İyul ayında nazirliyin xidmətlərindən istifadə sayı 213053-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqət sayəsində demək olar ki, portaldakı e-xidmətlərdən istifadə statistikasında mütəmadi olaraq ön yerlərdə olur. İyul ayının statistikasına əsasən ƏƏSMN-nin xidmətlərindən 178492 dəfə istifadə edilib. ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti  daha çox müraciət edilən xidmətlərdəndir. 

Dövlət Sosial Müdafiə Fondunun 12 sosial  xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bu xidmətlər vasitəsilə  heç yerə getmədən, istənilən vaxt hesabınıza yatırılan dövlət sosial siğorta haqqı barədə məlumat əldə etmək, işlədiyiniz illər üzrə pensiya kapitalını barədə məlumat əldə etmək mümkündür. Bundan başqa sosial tələbat yüksək olan  “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatın verilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”  xidmətlərindən istifadə edə, həmçinin, DSMF-nin e-xidmətlərindən faydalanaraq məcburi dövlət sosial sığorta vəsaitini portal üzərindən onlayn şəkildə ödəyə bilərsiniz. DSMF-nin sosial tələbat kifayət qədər yüksək olan bu və digər xidmətlərindən iyul ayı ərzində 94172 dəfə istifadə edilib.

Məlum olduğu kimi, tez-tez vətəndaşlarımızdan müxtəlif qurumlar tərəfindən çoxlu sayda arayışlar və sənədlər tələb olunur. Bu arayışları isə əldə etmək və adiyyatı quruma təqdim etmək insanlardan vaxt və enerji tələb edir. Eyni zamanda bu proses müxtəlif neqativ hallara və sründürməçiliyə gətirib çıxarır.   Portalda cəmi bir ildir yaradılan "Elektron arayışlar" xidməti vasitəsilə artıq vətəndaşlar 9 növ arayışları dövlət qurumuna getmədən elektron hökumət portalından asanlıqla əldə edə bilirlər. Qeyd edək ki, hazırda 25-ə yaxın bank və bir neçə kredit təşkilatları bu xidmətdən  faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. Vətəndaşlar  portal üzərindən  e-arayışları formalaşdıraraq banklara və  kredit təşkilatlarına təqdim edərək, vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar. Qeyd olunan üstünlüklərinə görə təkcə iyul ayı ərzində “Elektron Hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 43186 dəfə istifadə olunub. Kifayyət qədər böyük olan bu rəqəm elektron arayışlara sosial tələbatın yüksək olduğundan xəbər verir ki, bu da elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsini zəruri edir.