Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Koreyanın “Elektron Hökumət” modeli dünyada ən yaxşılardan biri kimi qiymətləndirilir

2606
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Koreya “Elektron Hökumət” quruculuğunu geniş zolaqlı internet də daxil olmaqla dünyanın ən mütərəqqi informasiya və kommunikasiya texnologiyalarından faydalanaraq, hökumətin rəqabət üstünlüyünün artırılmasında mühüm vasitə kimi tətbiq edir. “Elektron Hökumət” quruculuğunun əsası 1980-ci ildə Milli İnformasiya Sisteminin kompüter şəbəkələrinin yaradılması və 1990-cı illərdə tətbiq olunan qanunların sadələşdirilməsi ilə qoyulmuş, 2000-ci illərdə isə Koreyada E-Hökumət milli strategiyanın əsas elementinə çevrilmişdir. E-hökumət təşəbbüsləri 11 vacib tapşırıq (2001-2002) və 31 mühüm fəaliyyət planı üzrə (2003-2007) cəmlənmişdir. Bu təşəbbüslərin nəticəsində E-hökumətin tətbiqi Koreyanın bütün ərazilərində möhkəmləndirilmiş, ölkədə nəzərə çarpaçaq nəticələr əldə olunmuşdur. Belə ki, idarəetmədə səmərəlilik və şəffaflığa nail olunmuş, ictimai xidmətlər xeyli genişləndirmiş, vətəndaşların idarəçiliklə əlaqədar qərarvermə prosesində iştirakı artmışdır. Nəticədə Koreyanın E-Hökumət modeli dünya ictimaiyyəti tərəfindən tanınmış və onun müxtəlif E-Hökumət sistemləri digər dövlətlər tərəfindən tətbiq olunmağa başlanmışdır. 2010-cu ildə BM Qlobal E-Hökumət Sorğusunun nəticələrinə görə  Koreya bütün ölkələr arasında birinci yeri tutmuş, Onlayn Servis İndeksi və E-İştirakçılıq İndeksi kateqoriyaları üzrə ən yüksək balla qiymətləndirilmişdir.

İndi, Koreya keyfiyyətli istismar və operativ əks-əlaqəni diqqət mərkəzinə çevirərək, istifadəçi rahatlığının maksimum artırılması və bütünlüklə keyfiyyətin yüksəldilməsi üçün idarəetmə departamentləri və agentliklərini əlaqələndirən qüsursuz rəqəmsal əməkdaşlıq sistemini tətbiq edir.

11 Mühüm E-Hökumət Təşəbbüsləri

Sosial və özəl biznes xidmətlərinin təkmilləşdirilməsi:

  1. İdarəçilik səviyyəsində xidmət hazırlama sisteminin qurulması məqsədilə "Vətəndaş üçün hökumət" sisteminin yaradılması ilə  5 vacib idarəçilik xidmətləri üzrə informasiya paylaşımı - vətəndaş qeydiyyatı, daşınmaz əmlak, nəqliyyat vasitələrinin qeydiyyatı və s. mümkün edildi.
  2. Tibbi, pensiya, işsizlik, istehsalatda baş verən bədbəxt hadisələrə görə kompensasiya sığortası üçün "Sosial Müdafiə İnformasiya Paylaşımı" sisteminin yaradılması.
  3. Gəlir vergiləri barədə bildirişlərin onlayn doldurulması, ödənilməsi və vergi ilə əlaqədar sertifikatların əldə edilməsi üçün onlayn müraciət sistemi olan "Ev Vergi Xidməti" sisteminin yaradılması.
  4. Şəffaf satınalma proseslərinə nail olmaq məqsədilə "Elektron Satınalmalar" sisteminin yaradılması.

İdarəçilikdə səmərəliliyin yüksəldilməsi:

  1. Büdcə layihələri, vəsaitləri, gəlir və xərcləri üzrə "Milli Maliyyə İnformasiya" sisteminin yaradılması.
  2. Ali və orta təhsil müəssisələri üzrə informasiyanın elektron paylaşımı və idarəsi üçün "Milli Təhsil İnformasiya" sisteminin yaradılması.
  3. 21 əsas xidmət sahəsi üçün "Yerli Hökumətin İnformasiya Şəbəkəsi Sistemi"nin yaradılması.
  4. İşə götürmə, təyinat və dövlət qulluqçularının kompensasiyası məsələlərinin ədalətli və sistematik üsulla idarəsi üçün "Kadr Strategiyasına Dəstək" sisteminin yaradılması.

E-Hökumət infrastrukturunun qurulması.

  1. Dövlət və özəl müəssisələr arasında "e-təsdiq" və "e-sənəd"-in tətbiqi və elektron sənəd dövriyyəsinin  genişləndirilməsi.
  2. Etibarlı e-idarəçilik qurmaq məqsədilə "e-imza" və "e-möhür" sistemlərinin geniş tətbiqi.
  3. Dövlət layihələrinin icrasında şəffaflığa nail olunması məqsədilə yüksək səviyyəli və mərkəzi sistemlərə inteqrasiya edilmiş komputer şəbəkəsinin qurulması.

Koreyanın E-Hökumət modelini dünyanın ən qabaqcıllarından edən praktikalar:

İnformasiya paylaşım sisteminin yaradılması - vətəndaş qeydiyyatı, daşınmaz əmlak və nəqliyyat vasitəsinin qeydiyyatı, özəl biznes, şəxsi vergi qeydiyatı və s. kimi rəsmi sənədlərlə bağlı hökumət səviyyəli informasiya sisteminin yaradılması ilə bu rəsmi sənədlərin aidiyyatı qurumlara təqdim olunma məcburiyyəti aradan qaldırdı. Bununla da 20 adda sənədin aiddiyatı quruma təqdim edilməsi tələbi ləğv edildi.

Aparıcı İnfrastrukturun yaradılması - informasiya texnologiyalarının geniş istifadəsi, e-sənəd, e-identifikasiya və xidmət haqlarının onlayn ödənişi sistemlərinin yaradılması nəticəsində yorucu proseslər aradan qaldırıldı və vətəndaşların əsas gündəlik ehtiyacları qarşılanmış oldu.

"Bir pəncərə" prinsipi üzrə E-Hökumətin yaradılması və sosial əhəmiyyəti - E-Hökumət infrastrukturu vətəndaşlara hökumət tərəfindən göstərilən sosial xidmətləri və idarəçiliklə bağlı müvafiq məlumatları olduqları yerdən internet vasitəsilə vahid məkandan əl çatan edir. “Bir pəncərə" prinsipi üzrə  "Elektron Hökumət" portalı vasitəsilə vətəndaşlara 4000 müxtəlif növdə sosial xidmətlər təqdim olunur. E-xidmətlərdən istifadə prosedurları təlimatlar vasitəsilə izah olunur. Portal vasitəsilə vətəndaşlara 393 mühüm sosial xidmət üzrə müraciət etmək imkanı verilir. Həmçinin, portal üzərindən dövlət qurumları tərəfindən təqdim olunan sənədlərin özəl müəssisələrə göndərilməsi də mümkün edilmişdir. Bununla da, artıq vətəndaşlar banklara kredit üçün müraciəti birbaşa portal üzərindən reallaşdıra bilirlər.

“Bir pəncərə" prinsipi üzrə E-Hökumətin yaradılması nəticəsində satınalmalarla bağlı bütün proseslər (podratçı kimi qeydiyyatdan keçmə, qiymətin onlayn təklifi, razılaşmaların imzalanması, xidmətlər üçün ödəniş və s.) onlayn icra edilir. Bu həllər vasitəsilə hökumət satınalma prosesini ictimaiyyətə açıq etməklə həm vətəndaşların, həm də  hökumətin bu sahədə işlərini sadələşdirir. Həmçinin, idarəçilik proseslərini şəffaflaşdıraraq, e-kommersiya platformasını genişləndirir.

Vətəndaşlar mövcud sistem vasitəsilə istənilən növ gəlir barədə bildirişi internet vasitəsilə göndərə bilir, vergi ödənişlərini onlayn icra edirlər. Bununla yanaşı, istifadəçilər vergi ilə bağlı bütün bildirişləri SMS vasitəsilə əldə edirlər. Vətəndaşlar vergi ilə bağlı 6 növdə sertifikat üçün onlayn müraciət etmə imkanına da malikdirlər.

Koreya qanunvericiliyinə uyğun olaraq vətəndaş yaşayış yerini dəyişdikdə yeni ünvan, maşın qeydiyyatı ilə bağlı proseslər qurumlararasında həll edilir və vətəndaşdan heç nə tələb edilmir.

Təhsil sahəsində artıq tələbələrin istər orta, istərsə də unversitetlərə qeydiyyatı ilə bağlı məsələlər yalnız tələbənin şəxsi məlumatlarının onlayn formada göndərilməsi ilə həll olunur. Göndərilən məlumatlar milli təhsil sistemində dəyərləndirilir və təhsil verəcək məktəbə və ya universitetə göndərilir.

Əvvəllər, birinci sinif şagirdlərinin qeydiyyat prosesi ilə bağlı şagirdin yaşadığı regionun müvafiq idarəsi ərazi üzrə məktəbə başlayacaq şagirdlərin siyahısını təhsil müəssisəsinə göndərməli və bu siyahı üzrə şagirdlərlə bağlı informasiya məktəb tərəfindən daxil edilməliydisə, hazırda "Milli Təhsil İnformasiya" sistemi vasitsəilə bu yorucu proseslər ləğv edilmişdir. Belə ki, bütün informasiya müvafiq sistem vasitəsilə aidiyyatı təhsil müəssisəsinə, əllə daxilən edilən informasiyalarda yol verilən səhvlərdən fərqli olaraq, qüsursuz yönləndirilir.  

"E-Hökumətin"tətbiqindən əvvəl və sonra...

Əvvəl

Sonra

Vətəndaş dövlət qurumuna getməli, şəxsiyyət vəsiqəsini göstərməli və yalnız müəyyən rüsum ödədikdən sonra ailə qeydiyyatından çıxarış ala bilərdi. Və ya bu proses vətəndaşın adından etibarnamə vasitəsilə başqa şəxs tərəfindən icra edilirdisə...

Vətəndaş internet vasitəsilə portala daxil olur, bu zaman vətəndaşın şəxsiyyəti avtomatik identifikasiya olunur, müvafiq çıxarış üçün müraciət və ödəniş portal üzərindən aparılır. Çıxarış vətəndaşın e-mail ünvanına göndərilir.

Valideynlər övladlarının qiymətləri,davamiyyəti ilə bağlı məlumatları məktəbə müraciət edərək əldə edə bilirdisə...

 

Valideynlər "Milli Təhsil İnformasiya" sistemi vasitəsilə internet üzərindən övladlarının akademik nəticələrini, davamiyyətlərini və sağlamlıq yoxlanışlarının nəticələrini əldə edə bilirlər.

Vətəndaşlar müxtəlif növ sosial məlumatları qurumlara müraciət etməklə öyrənirdilərsə...

Vətəndaşın, işi, pensiya məlumatları və s. barədə yeniliklər qurumlar tərəfindən onlayn və ya SMS vasitəsilə bildirilir.

Cərimələr və rəsmi rüsumlar barədə məlumat vətəndaşa kağız üzərində təqdim olunurdusa.....və aidiyyatı qurumlara gedərək ödənilirdisə......

və sair......

Bu qisimdən bütün ödənişlər barədə bildiriş vətəndaşın e-mail ünvanına göndərilir və ödənişlər online icra edilir.

və sair...

 

E-hökumət quruculuğu vasitsəsilə Koreya hökuməti öz vətəndaşlarına ildə 1.8 trilyon qazandırır...

E-Hökumətin e-xidmətləri vasitəsilə Koreya vətəndaşları istənilən xidməti olduqları yerdəcə onlayn şəkildə əldə edirlər. Bu zaman dövlət qurumlarına olunan müraciətlərin sayının azalması ilə müvafiq məntəqəyə getmək üçün sərf olunun xərclər azalır, əksinə itirilməmiş vaxta istinadən qazanılan gəlir artır. Həmçinin, sosial informasiyanın dövlət qurumları arasında paylaşımı sayəsində vətəndaşların təqdim etməli olduqları sənədlərin sayı da sürətlə azalmaqdadır. Bu səmərəli proseslər sayəsində əlaqədar işlə məşğul olan məmurların iş yükü azalır, tədricən bir çox sahələrdə qazanılan işçi qüvvəsi digər daha innovativ sahələrə yönəldilir və nəticədə Koreyada ildə ~1.8 trilyon əlavə vəsait əldə edilir.