Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Unitar dövlət quruluşuna malik olan Fransanın “Elektron hökumət” modeli

2308
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Elektron hökumət”lə bağlı Fransada ilk öncə fəaliyyəti tənzimləyən hüquqi sənəd hazırlanmışdır. İctimai xidmətləri təqdim edən qurumlar və istifadəçilər arasında eləcə də, qurumlar arasında elektron əlaqə və informasiya mübadiləsi haqqında qərarnamə 2004-cü ildə “Hüquqi Sadələşdirmə Qanunu”na əsaslanır.

Qərarnaməyə əsasən vətəndaşlar və idarələr arasında sadə və təhlükəsiz elektron ünsiyyət təmin etmək məqsədilə “Elektron hökumət”in fəaliyyəti üçün əhatəli bir qanuni mühit yaradılması nəzərdə tutulmuşdur. Qərarnamə özündə bir tərəfdən qurumların öz aralarında, digər tərəfdən isə vətəndaşlar, mərkəzi idarə, regional idarələr və ictimai xidmətləri təqdim etmək üçün səlahiyyət verilmiş özəl təşkilatlar arasında elektron sənədlərin ötürülməsinə imkan verə biləcək şəkildə elektron poçt və elektron ünsiyyətə bağlı tənzimləmələri ehtiva edilir. Hətta, vətəndaşların fərdi elektron poçt hesabları vasitəsilə təhlükəsiz şəkildə rəsmi yazıları və sənədləri qəbul edə bilmələri və saxlaya bilmələri üçün imkan yaradılması sənəddə nəzərdə tutulmuşdur. Qərarnamə həmçinin, məlumat mübadiləsi və təhlükəsizliyi ilə bağlı tələbləri də əhatə edir.

Qeyd edək ki, Avropa Birliyinin “Elektron hökumət” kriteriyaları mövcuddur:

* Çevik xidmətlər: Elektron mühitdə informasiyanın nizamlı axarının təmin edilərək sualların qısa müddətdə cavablandırılması.

* Yaxşı idarə edilən xidmətlər: Eyni layihə üzrə çalışan hökumət orqanlarının layihəyə aid maliyyə və icra barədə məlumatlara sahib olaraq xidmətlərin optimallaşdırılması.

* Daha məhsuldar xidmətlər: Eyni tipli xidmətlərin və görülən işlərin təkrarlanmasının qarşısının maksimum alınması.

* Hökumətlə hər bir nöqtədən asanlıqla onlayn elektron əlaqə yaradılması” Bunun üçün kiosklardan, kompüterlərdən, mobil cihazlardan, ikitərəfli ünsiyyət qurulan terminallardan, telefonlardan, televiziyalardan və sair nöqtələrdən ictimai xidmətlərə girişin təmin olunması.

Avropa Birliyinə üzv ölkələr arasında unitar dövlət quruluşuna malik olan Fransa “Elektron hökumət”in tətbiqini idarə və müəssisələrin elektronlaşdırılması mənasına gələn "Adminitration Electronic “ADELE” adlandırdı.

“ADELE” proqramı XXI əsrdə müasir hökumətlərin əməl etməsi vacib olan dörd zəruri meyarı öz ölkəsi üçün belə təyin etməkdədir:

  • İstifadəçiləri daima diqqətlə dinlə
  • Xidmətlərin hər kəs tərəfindən əl çatan olmasını təmin et
  • Fransız xalqının etibarını qazanmaq zəmanəti ver
  • Dövlət xərclərini idarə edərkən daha optimal və məhsuldar ol

Fransa hökuməti ilk dövrdə dörd ili əhatə edən “Elektron hökumət” strategiyasını (2004-2008-ci illər üçün) özəl sektorun və dövlət qurumlarının fəaliyyətini təkmilləşdirəcək elektron xidmətlərin koordinasiyalı inkişaf etdirilərək geniş tətbiq edilməsini detallı şəkildə hazırladı.

“ADELE”nin başlıca məqsədi informativ tipli ictimai xidmətlərin hər bir istifadəçinin bütün inzibati prosedurları asanlıqla icra edə biləcəkləri interaktiv xidmətlər halına gətirmək idi.

Bunun üçün üç strateji hədəf təyin olundu:

* Vətəndaşlara, biznes qurumlarına və regional idarələrə keyfiyyətli elektron xidmətlər təqdim etməklə rahatlığa və şəffaflığa nail olmaq;

* İdarə və təşkilatlar tərəfindən istifadə olunacaq fərdi məlumatların vətəndaşların özləri tərəfindən idarə edilməsi və təhlükəsiz istifadəçi kimliyi sisteminin yaradılması ilə gizlilik və məlumatların təhlükəsizliyinə zəmanət verərək etibar qazanmaq;

* İctimai xidmət təqdim edən qurumların və kadrların səviyyəsini inkişaf etdirərək, ictimai xidmət sahələrinin təkmilləşdirilməsi və dolayısı ilə dövlətin maddi itkisinin qarşısının alınmasına töhvə vermək.

Qeyd edək ki, Fransanın “Elektron hökumət” strategiyası öz fəaliyyətində aşağıdakı meyarları əsas götürür:

* Hər bir vətəndaşın bütün rəqəmsal şəbəkələrə və xidmətlərə rahat daxil olmasının təmin edilməsi. Yaxın gələcəkdə, ölkənin bütün ərazisində sabit genişzolaqlı internetə girişin 100% təmin edilməsi ilə hər kəs üçün infrastrukturun əlçatan edilməsi.

* Rəqəmsal xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması. Rəqəmsal TV yayımına keçidlə yeni internet xidmətləri ortaya çıxacaq və  beləliklə, yeni iş imkanları yaradılması mümkün olacaq.

* Vətəndaşların, ictimai xidmət təqdim edən idarə və təşkilatların elektron xidmət göstərməyə motivasiya edilməsi və istifadə miqyasının artırılması.

Fransada “Elektron hökumət”in davamlı inkişaf etdirilməsi və elektron xidmətlərə olan etibarın  artması daima əsas prioritet göstərici kimi diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, unitar dövlət quruluşuna malik olan Fransanın  “Elektron hökümət” modeli Birləşmiş Millətlərin E-Hökumət üzrə 2014-cü ilin sorğusuna əsasən  dünya ölkələri arasında  4-cü yeri tutmuşdur və Fransanın bu sahədəki təcrübəsindən  bir sıra inkişaf etmiş ölkələrdə geniş istifadə edilir.