Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Vətəndaşların “Elektron Hökumət” quruculuğunda iştirakı təmin edilir

2576
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Qloballaşan dünya siyasətinin əsas üstünlüklərindən biri “Elektron Hökumət”dir. “Elektron Hökumət” vətəndaşa daha yaxın, daha rahat, daha keyfiyyətli və şəffaf fəaliyyət göstərən, müasir cəmiyyətin tələbatından yaranan bir sistemdir. Nəzərə alsaq ki, vaxtın dəyərini bilən müasir insanlar daim tələsirlər, bu da onlarda mənəvi psixoloji gərginlik yaradır. Bu gərginliyi, tələskənliyi aradan qaldırmaq üçün hər birimizin “Elektron Hökumət”ə ehtiyacımız vardır. Odur ki, dünyanın bir çox qabaqcıl ölkələrində olduğu kimi ölkəmizdə də “Elektron Hökumət” quruldu. Artıq vətəndaşla dövlət qurumları arasında informasiya, sənəd və digər xidmət əldə etmə prosesi onlayn qaydada kompüter vasitəsilə “Elektron Hökumət” portalı üzərindən həll edilir.

Portalın istifadəçi yönümlü interfeysi tez-tez yenilənir və inkşaf etdirilir, yeni funksionallıqlar yaradılır. Məsələn “mənim xidmətlərim” adlı  vətəndaşın fərdi xidmət portfeli vaxtının qədrini bilən istifadəçinin rahatlığının təminatıdır. Qeyd edək ki, portalda bu bölmənin yaradılması “Fikir Bankı” vasitəsilə istifadəçilər tərəfindən verilən təklifin nəticəsidir.

 Bəs “Fikir Bankı” nədir? Sivil idarəetmə modelini özündə əks etdirən “Elektron Hökumət”də  vətəndaşın rolu nə qədərdir?

Əlbəttə ki, "Elektron Hökumət" elə bir sistemdir ki, onun nə zaman tam qurulub başa çatdırıldığını təsəvvür etmək mümkün deyil. İnsan təxəyyülünün məhsulu olan müxtəlif  fikirlər, ideyalar, innovativ yeniliklərlə portal daim təkmilləşir. Portalda  yaradılan “Fikir Bankı” bölməsi də məhz bu məqsədə xidmət edir. “Elektron Hökumət” portalının daha da təkmilləşdirilməsinə maraq göstərən istifadəçilər "Elektron Hökumət" quruculuğu üzrə təkliflərini, ideyalarıni bildirmək üçün məhz bu funksionallıqdan yararlanırlar. Qeyd edək ki, “Fikir Bankı”nda qeydiyyata alınan müraciətlərdən 12-si artıq reallaşdırılıb, portalın marağına səbəb olan 15 müraciət isə reallaşdırılması üçün müzakirəyə çıxarılıb.

"Fikir Bankı"nda qeydiyyata alınan və vətəndaşların ən çox maraq dairəsində olan təkliflərdən bir neçəsini təqdim edirik:

  • Portala müvafiq autentifikasiya vasitələri ilə daxil olan hər bir vətəndaşın "Şəxsi kabinet"i formalaşır. Bu gün vətəndaşlar şəxsi kabinetlərində müxtəlif tipli, cərimələr, portal üzərindən olunan müraciətlərin nəticələri barədə və s. bildirişlərin əlçatan edilməsini istəyir. Həmçinin, "Şəxsi kabinet"də əks olunan fərdi məlumatların yenilənməsi də təklif edilir.
  • Bildiyiniz kimi, “Elektron Hökumət” portalı vətəndaşlara əlavə qayğı olan müxtəlif növ arayış tələbinə elektron çözüm tətbiq edən ilk sosial xidmət məkanıdır. Hazırda, portal üzərindən 10 adda arayış formalaşdırmaq mümkündür. Belə arayışlardan  "yaşayış yeri barədə arayış"ın elektron ekvivalenti  portalda mövcuddur, vətəndaşların "Fikir Bankı"na ünvanladıqları müraciətlərdən biri mənzildə qeydiyyatda olanlar barədə arayışın (Forma 2-nin) portal üzərindən formalaşdırılması ilə bağlıdır.
  • Növbəti təklif dərman vasitələri barədə yeni qanuna əsasən dərman preparatlarının tənzimlənmiş qiymətləri ilə bağlıdır. Belə ki, vətəndaşlar təklif edirlər ki, dərman vasitələri üzrə vahid qeydiyyat sistemi yaradılsın və bu sistem portal üzərindən vətəndaşlara açıq edilsin. Vətəndaş apteklərə yaxınlaşmazdan əvvəl alacağı dərman preparatların qiymətini və digər mümkün məlumatları əldə edə bilsin.

Nəzərinizə çatdıraq ki, “Elektron Hökumət” quruculuğunda iştirak etmək istəyən  vətəndaşlar  portalın ana səhifəsində yerləşdirilmiş  “Fikir bankı”na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) “Elektron Hökumət”ə aid istədiyi  təklifi daxil edə,  yaxud burda toplanmış təkliflərə öz münasibətini bildirə bilərlər.

Onu da qeyd edək ki, portalın yeni versiyasında bir çox funksionallıqlar kimi "Fikir Bankı" da təkmilləşdirilmişdir. Artıq "Fikir Bankı" vasitəsilə vətəndaşın ideyasını daha dəqiq ifadə etməsinə yardımçı olacaq ideyanı görüntüləmək üçün “video link yüklə” funksionallığı mümkün edilib. Bununla da, təklifinizlə əlaqəli videonuz varsa youtube  keçid linkini ideyanıza əlavə edə biləcəksiniz.

Əvvəl də vurğuladığımız kimi, "Elektron Hökumət" bürokratik halların aradan qaldırılması, vətəndaşlara şəffaf və rahat xidmət göstərilməsi üçün ən optimal həlldir. Mövcud bu şəffaf xidmət platformasının məqsədyönlü inkişafı üçün cərəyan edən proseslərdə cəmiyyətin aktiv iştirakı çox vacibdir. "Fikir Bankı" isə bu iştirakı təmin edəcək vasitələrdən sadəcə biridir.