Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

2015-ci ilin keçən dövrü ərzində ən çox müraciət olunan xidmət təminatçıları

3481
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İnformasiyanın elektron emalı, ötürülməsi və paylaşılması üçün əvəzedilməz vasitə olan "Elektron Hökumət" ənənəvi idarəçilik metodlarından fərqli mahiyyət daşıyır.  Sosial xidmət təminatına müasir yanaşma, innovativ həll kimi tətbiq olunan elektron xidmətlər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət qurumlarının öhdəliyində olan ictimai xidmətlərin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi üçün hökumət-vətəndaş qarşılıqlı münasibətlərinin elektron mühitdən təşkilinə xidmət edir.

Dünyada informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir zamanda ölkəmizdə də elektron hökumətin  və elektron xidmətlərin yaradılması və  elektron sənəd mübadiləsinin tətbiqi çox aktual və praktik mahiyyət daşıyır.

Sosial-iqtisadi vəziyyətin yüksəldilməsinə hədəflənən bu dünyəvi prosesin əsas elementlərindən biri "Elektron Hökumət" portalıdır. Ölkəmizdə belə xidmət məkanı  2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-ə yaxın elektron xidmət inteqrasiya olunmuşdu. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı isə 432-dir.

 Portaldakı e-xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Təbii ki, daha çox sosial tələbat olan, ictimai xarakter daşıyan və istifadəsi asan olan  elektron xidmətlərdən istifadə edənlərin sayı daha çox olur. Qeyd edək ki, keçən dövr ərzində portala müraciət edənlərin sayı 2,6 milyonu ötüb.

Bu dövr ərzində e-xidmətlərdən ümumi istifadə sayı 17 milyonu keçib.

Bu gün portal üzərində çalışan mütəxəssisləri əsasən portalda olan xidmətlərin sayından çox, onların istifadə aktuallığı maraqlandırır. Bu məqsədlə portalda yaxın günlərdə daha bir yenilik istifadəçilərin ixtiyarına verilib. Artıq istifadəçi müraciət etdiyi xidmətin istifadə statistikası ilə yaxından tanış ola biləcək. Bu təşəbbüs istifadəçinin xidmətlər üzrə məlumatlılıq səviyyəsini yüksəltməklə yanaşı xidmət təminatçıları arasında ciddi rəqabət mühiti yaradacaq.

Cari ildə tələbələrin ali məktəblərə qəbulu üzrə proseslər müraciətlərin elektron qəbulundan imtahan nəticələrinin öyrənilməsinə qədər bütün mərhələlər portal (www.e-gov.az) üzərindən icra edilmişdir. Buna görə də, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci ilin ən çox müraciət olunan xidmət təminatçıları arasındadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də cari il ərzində vətəndaşların ən çox müraciət etdiyi dövlət qurumudur. Beləki, "Mobil cihazların IMEI kodunun yoxlanılması", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Telefon nömrəsi üzrə axtarış" və s. xidmətlər aktual istifadə olunan xidmətlərdir.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətləri portal üzərindən ən çox istifadə olunan xidmətlərdir. Əmək məsələlərinin tənzimlənməsində real çözüm olan bu xidmətlər işçi-işəgötürən arasında şəffaf, dürüst münasibətlərin təminatçısı olaraq hər iki tərəfin hüquqlarını qoruyur.

Dövlət Sosial Müdafiə Fondunun 17 elektron xidməti arasında siğortaolunan və siğortaedən tərəflərlə bağlı xidmətlər il ərzində ən çox istifadə olunanlardandır. Beləki, "Siğortaolunanlara məlumatların verilməsi" xidməti işçilərə siğortaolunan illər üzrə ödənişlər və pensiya kapitalı barədə dəqiq məlumat verməklə vətəndaşın fərdi məlumatlarını açıq və əlçatan edir.

Cari ilin keçən dövrü ərzində elektron sənəd mübadiləsində yeniliyin və rahatlığın təminatçısı olan "Elektron Çıxarışlar" (Arayışlar) sənədləşmə prosesinin və istifadəçilərin kağız yükündən azad olmasına xidmət etməklə portal üzərindən fərdə məxsus 12 növ məlumatı elektron formalaşdırmağa, çap etdərək və onlayn olaraq tələb olunan quruma ötürməyə icazə verir. Qeyd edək ki, "Elektron Çıxarışlar" bölməsi "Elektron Hökumət" portalının operatorunun təşəbbüsü ilə yaradılıb.

Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı", "Rüsum və cərimələrin ödənişi", "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" xidmətləri elektronlaşması bu gün artıq portal üzərindən vətəndaşlara cərimə barədə bildirişlərin göndərilməsinə şərait yaradır.

Təhsil  Nazirliyi cari ildə fərdə məxsus üç növ məlumatı "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış", "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" və "Diplom haqqında məlumatlar" üzrə vətəndaşlara açıq etmişdir. Diplom haqqında məlumatların onlayn əldə olunması xüsusilə vətəndaşlar tərəfindən uzun müddətdir gözlənilən xidmətlərdəndir.

Xalqın süveren hüquqlarının təminatçısı olan seçki prosesinin rahat təşkili üçün Mərkəzi Seçki Komissiyası tərəfindən portala inteqrasiya edilmiş 5 növ informativ xidmət və onlayn müraciət xidməti bu gün vətəndaşlar tərəfindən ən çox istifadə olunan xidmətlərdir.

Dövlət Gömrük Komitəsinin 4-ü qeydiyyatsız olmaqla təmin etdiyi 8 elektron xidmət cari ildə aktual müraciət olunanlar sırasındadır.

"Elektron Hökumət" portalı yaxın, ucuz, keyfiyyətli və şəffaf xidmət məkanı kimi hər ötən gün vətəndaşların diqqətini daha çox cəlb edir. Bu da öz növbəsində istifadəçi marağı və tələbatı üzərində qurulan platformanın gələcək təşəbbüslərinə müsbət təsir göstərir.