Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisi bu il də böyük maraqla qarşılanır

2086
Mətni çap edin Mətni kopyala t1 t0 t2



Dekabr ayının 2-də Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2015” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. Keçirildiyi illər ərzində “Bakutel” sərgisi informasiya texnologiyaları üzrə yeni məhsul və xidmətlərin nümayiş etdirildiyi əsas meydança kimi, möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu əsas biznes-platformaya çevrilmişdir. Son bir neçə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi isə bu tədbirin yüksək statusunu bir daha sübut edir. Təsadüfi deyildir ki, hazırda yeni texnologiyalar bazarında mövqeyə sahib olan bir sıra şirkətlər öz inkişaf yoluna məhz Bakuteldə başlamışdır.
Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına münbit şərait yaratmaqla yanaşı, həm də ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata keçirilməsinin göstəricilərindən biridir.
Dünyanın 21 ölkəsindən 203 şirkətin iştirak etdiyi bu sərgidə Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderlər, sistem inteqratorları və məşhur brendlərin distribütorları yer almaqdadır.
Onu da qeyd edək ki, yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Beləliklə, bu il sərgidə ilk dəfə olaraq “AVAYA”, “Google”, “Laboratoriya Kasperskoqo” və digər aparıcı dünya şirkətləri iştirak edirlər.

"Elektron Hökumət Portalı” da sərgidə öz yenilliklərilə ziyarətçilərin diqqətini çəkir.

Artıq bir neçə ildir ki, sərgidə öz yeniliklərini nümayiş etdirən "Elektron Hökumət Portalı” bu il də bir çox yenilikləri iştirakçılara nümayiş etdirir. 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla, vətəndaşlara ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son iki il ərzində istifadəçilərin sayı 10 dəfə artaraq 2,6 milyona çatıb. Ötən ildən elektron arayışların verilməsinə də başlanılıb.
Portal vasitəsilə təqdim edilən 11 elektron arayış iştirakçıların diqqətini xüsusilə cəlb edir. Qeyd edək ki, həmin arayışlar müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardır və bu arayışların vətəndaş tərəfindən əldə edilməsi bəzən sutkalarla vaxt tələb edirdi. Bu arayışların elektron formada tətbiqi vaxta qənaətlə yanaşı süründürməçiliyin qarşısını alacaq, bürokratik maneələri aradan qaldıracaq və lazımsız kağız itkisini əngəlləyəcəkdir. Eyni zamanda portal vasitəsilə dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, onlayn müraciətlər göndərmək və portal vasitəsilə onları izləmək imkanları kimi bir sıra innovativ e-xidmətlərlə sərgidə əyani tanış olmaq mümkündür.
Sərgidə vətəndaşlara "Elektron Hökumət" portalına daxil olmaq üçün tələb olunan kod/parollar mobil versiyada paylanılır. Bundan əlavə sərgidə fəal iştirakçılara e-imza kartlarının pulsuz paylanılması və bir sıra kampaniyaların və viktorinaların keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, sərginin bütün qonaq və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, İT texnologiyalarından istifadə etməklə keçiriləcək sürprizlər, müsabiqələr və maraqlı viktorinalar gözləyir.