Sosial xidmətlərin elektronlaşdırılması inkişaf etmiş ölkələrdə belə tədricən, ictimai rəyə diqqət yetirilərək reallaşdırılır. İctimai maraq və tələbatları təmin edəcək şəffaf idarəçilik sisteminin təkmilləşdirilməsi Azərbaycanda da prioritet məsələlərdəndir. Ölkəmizdə sosial xidmətlərin elektronlaşdırılması prosesi hər il daha məqsədyönlü şəkildə icra edilir. Qazanılan təcrübə sayəsində, sosial mühitin ən aktual sahələri üzrə mövcud xidmətlər elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilir. Elektron hökumətin, rəqəmsal ictimai münasibətlərin yaradılması istiqamətində icra edilən işlər çərçivəsində e-imza elektron sənəd dövriyyəsini təmin edən mühüm amillərdən biridir. Bir rəqəmsal identifikasiya vasitəsi kimi, e-imza kağızla aparılan əməliyyatların elektronlaşdırılmasına xidmət edir. E-imza rəsmi sənədlərin kağız üzərində imzalı-möhürlü formalarını eyni hüquqi qüvvəyə malik rəqəmsal sənədlərlə əvəzlənməsinə vasitəçilik edir.
Rəqəmsal ictimai xidmətlər təkcə məmur-vətəndaş münasibətlərinin şəffaflığını təmin etmir. Həmçinin, idarəçilik prinsiplərinin effektivləşdirilməsinə xidmət edir. Buna əyani nümunə kimi, son zamanlar əmək sahələrində canlanma yaradan əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması məsələsini göstərmək olar. Hamıya məlumdur ki, ölkəmizdə müxtəlif fəaliyyət sahələri üzrə yaradılan şirkətlərin, təşkilatları, irili-xırdalı iaşə obyektlərinin sayı sürətlə çoxalır. Bu, ölkə iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Lakin faktlar göstərir ki, ölkəmizdə əmək hüquqlarının pozulması ən çox rast gəlinən inzibati xətalardandır. Xüsusən də özəl müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozularaq əmək müqaviləsi bağlamaqdan yayınılır. Halbuki, əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin hüquqlarını qoruyur. İşəgötürənlər əmək müqavilələrini qeydiyyata almamaqla vergidən yayınırlar. Bu öz növbəsində, işsizliklə bağlı statistikaya da təsir göstərir. İşsizlərin sayı eləcə də, hansı sektor nə dərəcədə inkişaf edir bilinmir, iqisadi inkişafa yönəlik planlar, strategiyalar əsassız rəqəmlər üzərində qurulur. Bu da ölkədə xaotik vəziyyət yaradır.
Yaranmış vəziyyət bu artımın vahid mərkəzdən idarə edilməsini və məsələyə nəzarətin gücləndirilməsini tələb edirdi. Bununla əlaqədar, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır.
Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır.
Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərəcək.