Regionlarda yaşayan vətəndaşları elektron quruculuq, elektron xidmətlər, elektron sənəd mübadiləsi barədə məlumatlandırmaq məqsədilə, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramının davamı olaraq aprelin 6-da Bərdə şəhərinin sakinləri ilə görüş keçirildi. Görüş zamanı vahid elektron xidmət platforması olan “Elektron hökumət” portalından, elektron sənəd mübadiləsinin komponenti Elektron imzadan danışıldı.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən keçirilmiş seminarın məqsədi regionlarda yaşayan vətəndaşlara elektron xidmətlər, elektron sənəd mübadiləsi barədə məlumat vermək, onları bu imkanlardan istifadəyə dəvət etməkdir.
Seminarı Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov açaraq elektron xidmətlərin əvəzedilməz rolundan, istifadə rahatlığından və dövlət qurumlarının elektron xidmətlərini bir məkanda toplayan "Elektron hökumət" portalının internet mühitindəki rolundan danışdı. X. Kazımov qeyd edib ki, təqdim olunan elektron xidmətlər barədə vətəndaşların maariflənməsi, həmin xidmətlərdən istifadə elektronlaşmanı sürətləndirəcək.
Daha sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət" portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat verdilər. Portalın şəffaf və səmərəli xidmət təminatı, vaxta qənaət baxımından faydasından bəhs edildi.
Nəzəri məlumatlandırmadan sonra, "Elektron hökumət" portalı seminar iştirakçılarına praktiki olaraq göstərildi. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən əyani vasitələr test edildi.
Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşdı. Sonda tədbirin fəal iştirakçılarına "Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verildi.