“Elektron hökumət” portalında elektron arayışların sayı artırılıb. Belə ki, Dövlət Dəniz Administrasiyası (DDA) tərəfindən təqdim edilən informasiya ehtiyatı əsasında “Dənizçinin şəxsiyyət sənədi” adlı elektron arayış hazırlanaraq portala inteqrasiya edilib.
Yeni istifadəyə verilən bu arayış növü dənizçinin şəxsiyyət sənədi üzərində hazırlanır. “Dənizçinin şəxsiyyət sənədi” üzrə məlumatlar isə Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemindən (İAMAS ) götürülür.
“Dənizçinin şəxsiyyət sənədi” adlı elektron arayışı əldə etmək üçün “Elektron hökumət” portalında “Elektron arayışlar” bölməsinə daxil olmaqla həmin arayışı seçmək lazımdır.
“Elektron arayışlar” günümüzdə ən çox təlabatın olduğu elektron xidmət növüdür. Portalın əməkdaşları tərəfindən aparılan araşdırmalar göstərir ki, ölkəmizdə müxtəlif növ əməliyyatlarda vətəndaşlardan 40-dan artıq kağız üzərində arayış növü tələb olunur. Nəzərə alsaq ki, kağız üzərində arayışlarda əks olunan məlumatlar elektron arayışlarla eyni məlumat sistemlərindən götürülür, bu sənəd növlərinin elektron təqdim olunması mümkündür.
Arayış növlərinin elektron təmin olunması vətəndaşlar üçün şəffaf, səmərəli xidmət olmaqla yanaşı, qurumların işini də sadələşdirir. Elektron arayışların tətbiqi bu günə qədər kağız daşıyıcıda olan sənədlər üçün ayrılan vəsaitə qənaət deməkdir, eyni zamanda daimi və daha etibarlıdır.
Bununlada sözügedən elektron arayışın portala inteqrasiyasından sonra, portaldakı ümumi e-arayışların sayı 17, ümumi e-xidmətlərin sayı isə 447 oldu.