Bank BTB eGovPay-ə qoşuldu
“Elektron hökumət” portalının eGovPay ödəniş sisteminin xidmətlərindən banklar da yararlanmağa başladı. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Bakı Ticarət Bankı - Bank BTB arasında bağlanmış müqaviləyə əsasən bankın bütün xidmət nöqtələri “Elektron hökumət” portalının eGovPay ödəniş sisteminə qoşuldu.
Bundan sonra müştərilər Bank BTB-nin istənilən xidmət nöqtəsinə müraciət edərək mobil rabitə, stasionar telefonlar, internet, TV, kommunal xidmətlər və digər müxtəlif növ ödənişlərini həyata keçirə biləcəklər.
eGovPay ödəniş sisteminə qoşulmaq istəyən bir neçə bankla artıq müqavilələr imzalanıb və bu istiqamətdə işlər aparılır.
Məlumat üçün qeyd edək ki, eGovPay Prosessinq mərkəzi – müasir ödəniş platformasıdır. Onun vasitəsilə provayderlər ödəmə sistemini işə sala və ya sadəcə texniki proqramların köməyi ilə ödənişlər qəbul edə bilirlər.
eGovPay – geniş coğrafi ərazini əhatə edən müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş sistemidir. Bu mərkəzləşmiş sistem vasitəsilə çox şaxəli, əlverişli, çevik xidmət təmin edilir və daha etibarlı dövlət ödəniş sistemi yaradılır.