Bu günlərdə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib.
"Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir.
“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanının, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Beynəlxalq konfransda müzakirələr bir neçə paneldə aparılıb.
Konfransın 3-cü panelində “Azexport” portalının rəhbəri Zaur Qardaşov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov, Vergilər Nazirliyinin Qeydiyyat şöbəsinin rəhbəri Müslüm Şəfiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-nun prezidenti Rüfət Məmmədov, “Paşa bank”ın Baş Strateji Nəzarətçisi Aqşin Mirzəzadə iştirak ediblər.
Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov “Rəqəmsal ticarətdə elektron imzanın tətbiqi” mövzusunda çıxış edib, elektron imzanın üstünlükləri və elektron ticarətdə perspektivləri barədə məlumat verib. O, çıxışı zamanı dünyada elektron ticarətin statistikası, rəqəmsal ticarət çərçivəsində reallaşdırılacaq əməliyyatların identifikasiya və təsdiqləyicisi olan elektron imzanın prosesə təsirindən danışıb.
Ölkəmizdə NRYTN-in Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) Açıq Açar İnfrastrukturunda iyerarxik modelə əsaslanan Kök Mərkəznin fəaliyyəti ilə bağlı da ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzin funksiyalarından biri iyerarxik struktura daxil olan bütün mərkəzlər üçün təkmil sertifikatların verilməsidir. Strukturun ən üst səviyyəsində olan Kök Mərkəz ikinci səviyyəli mərkəzlərin (Hakimiyyət Orqanları Mərkəzi, Elektron Hökumət Mərkəzi, Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi və Mərkəzi bankın Sertifikat Xidmətləri Mərkəzi) reyestrə alınmasını və fəaliyyətini tənzimləyir.
Milli Sertifikat Xidmətləri Mərkəzinin 12356 dövlət qurumları, hökumət təşkilatları və bələdiyyələrlə, 35020 vətəndaş və biznes subyektləri ilə birgə çalışdığı qeyd olunub. 2016-2017-ci illər ərzində 41 714 elektron imza sertifikatının istifadəyə verildiyi və 2015-2017-ci illər ərzində elektron imza sertifikatları vasitəsilə imzalama sayının 23 milyona yaxın olduğu bildirilib.
Elektron imzanın e-ticarətdə tətbiqindən danışan MHM-in direktoru elektron imzanın internet bankçılıqda, sığorta xidmətlərində, virtual ofislərdə, e-sifarişdə, e-müqavilələrdə və e-ödənişlərdə tətbiq oluna biləcəyini söyləyib və həmçinin qeyd edib ki: “2018-ci ildən ölkə vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları yerləşdiriləcək. Potensial olaraq 8 milyon 200 mindən çox elektron imza sertifikatlarına sahib olacaq ölkə vətəndaşları sözsüz ki, elektron ticarətin də fəal iştirakçısına çevriləcəklər”.
E.Əsədov çıxışında bildirdi ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza sahəsində beynəlxalq əməkdaşlığın tənzimlənməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılır. Həmçinin, dövlətlərarası elektron ticarətin inkişafında beynəlxalq miqyasda elektron imzaların qarşılıqlı tanınmasının da rolundan bəhs edib. Qeyd edilib ki, elektron imza sahəsində müvafiq icra hakimiyyəti orqanı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqaməti prioritet hesab edir və xarici ölkələrlə danışıqları davam etdirir. İlkin olaraq Türkiyə, İran, Qətər və Ukrayna ilə danışıqlara başlanılıb. Hazırda Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasında elektron xidmətlərin və e-ticarətin inkişafının gücləndirilməsi layihəsi üzrə işlər də aparılır. Bu layihə çərçivəsində Elektron hökumət, e-İDAS və e-ticarət sahəsində standartlar hazırlanır.
Cıxışçılar tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkil etdiyi bu konfransın ölkəmizdə elektron ticarətin inkişafına xidmət etdiyi qeyd edilib və Mərkəzin bu sahədə apardığı fəaliyyəti yüksək qiymətləndirilib.