Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron hökumət" idarəçiliyi və Azərbaycan

2891
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bütün dünyada 2001-ci ildən başlayaraq dövlət idarəçiliyi strukturunun optimallaşdırılmasına yönələn IT-layihələrinin həyata keçirilməsi reallaşdırılmaqdadır. Belə layihələr ümumi şəkildə "elektron hökumət” (e-government) adlanır və buraya əhəmiyyətinə görə hakimiyyətin müxtəlif səviyyələrində, yerli idarəetmə orqanlarında çağrı mərkəzlərinin və rəsmi saytların yaradılmasından başlayaraq, dövlət qurumlarında kağızsız sənəd dövriyyəsi və internet üzərindən seçkilərin təşkil olunmasınadək çoxsaylı tədbirlər aiddir.

"Elektron hökumət” sistemi İKT-nin tətbiqi ilə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti, idarəçilik keyfiyyətlərinin artırılmasını təmin etmək üçün vahid dövlət kompüter sistemini, hakim və qanunverici orqanların internet resurslarını, korporativ tipli dövlət idarəetmə sistemini, dövlət informasiya sistemlərini və s. özünə komponent kimi daxil etməlidir. Bu sistem vasitəsilə vətəndaşların informasiya əldə etməsi üçün resurslardan bərabər qaydada istifadəsi, elektron qaydada dövlət sifarişlərinin təminatı, nəzarət və maliyyə funksiyalarının məsafədən həyata keçirilməsi, idarəetmə qərarlarının qəbulunda operativliyin və effektivliyin artırılması, korrupsiya ilə mübarizə və s. kimi problemlər öz həllini tapmalıdır.

"Elektron hökumət” layihəsi bir neçə mərhələdə həyata keçirilir və bu proses bir neçə il çəkə bilər.

- Birinci mərhələdə dövlət orqanları interneti mənimsəməyə başlayır və milli şəbəkə seqmentində müxtəlif müəssisələrin bir sıra saytları yaradılır. Lakin bu saytlar sırf informasiya emalı funksiyasını daşıyır.

- İkinci mərhələdə sözü gedən saytlarda yenilənən kontentin həcmi artır. Orada xəbərlər, hüquqi sənədlər və rəsmi elanlar yerləşdirilir, yeni xidmətlərin hesabına işin rahatlığı artır (misal olaraq sayt üzrə axtarışı göstərmək olar), interaktivliyin qismən təmin olunması (vətəndaş-qurumlarla əks əlaqənin yaradılması üçün vacib olan elektron poçt) baş verir və s.

- Üçüncü mərhələdə saytların yüksək səviyyəli interaktivliyi həyata keçirilir. Dövlət portalları biznes sektorunun və vətəndaşların konkret kateqoriyalı nümayəndələrinə müxtəlif təkliflər edir, autentifikasiya mexanizmləri tədbiq olunur.

- Dördüncü mərhələdə istifadəçilər qarşılıqlı əlaqə imkanları əldə edir və elektron müraciətlər edə bilirlər. Vətəndaşlar internet vasitəsi ilə müxtəlif sənədlər (şəhadətnamələr, lisenziyalar, sertifikatlar, qarşılıqlı icazələr və s.) əldə edə bilir, eyni zamanda dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlanaraq, online ödənişlər edə bilirlər.

- Beşinci mərhələdə isə hökumət bütün hüquqi və fiziki şəxslər və sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirir.

Azərbaycan da "Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib və demək olar ki, yuxarıda qeyd olunan 4 mərhələni uğurla başa çatdırıb. Hazırda 5-ci mərhələnin tam şəkildə həyata keçirilməsi üçün işlər müvəffəqiyyətlə davam etdirilir.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının apardığı tədqiqatın nəticəsinə uyğun olaraq, 2014-cü ildə "Elektron Hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələri üzrə reytinq cədvəlində Respublikamız 193 ölkə arasında 68-ci yeri tutmuşdur. Qeyd edək ki, reytinqdə Azərbaycan bu sahədə daha çox illər təcrübəsi olan Serbiya, Çin, Türkiyə, Bolqarıstan və s. kimi ölkələrdən öndədir.

"Elektron Hökumət” sisteminin daha da inkişaf etdirilməsi və ölkəmizin bu sahədə dünya ölkələri arasında özünə layiq yeri tutması üçün görülən məqsədyönlü tədbirlər və bu proseslərə dövlətimizin yaxından dəstəyi əminliklə söyləməyə əsas verir ki, bu sistem uğurla inkişaf edəcək və ölkə vətəndaşlarının rahatlığına və rifahına xidmət edəcək.