26-27 avqust 2019-cu il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində “Qarşılıqlı təcrübə mübadiləsi Alyansının”nın iştirakçı ölkələrinin nümayəndələri arasında görüş təşkil edilib. BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi tərəfindən təşkil olunan tədbirdə elektron hökümətin inkişafı və rəqəmsallaşdırma sahəsindəki mövcud tendensiyaların müzakirəsi, dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi həyata keçirilib.
Görüşün məqsədi elektron hökumət və elektron xidmətlər sahəsində yeni trendlərin öyrənilməsi, ölkələrarası bilik mübadiləsinin həyata keçirilməsi, ən yaxşı təcrübələrin və dövlət xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi imkanlarının müzakirəsi olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizdə rəqəmsal hökumət quruculuğu istiqamətində görülən işlər, proqnozlaşdırılan hökumət konseptinin reallaşdırılması məqsədi ilə hazırlanan rəqəmsal həllər, dövlət xidmətlərinin təqdim edilməsində innovasiyalar və gələcək perspektivlər mövzusunda məlumat verilib. Həmçinin Azərbaycan brendi olan “ASAN xidmət”in uğurları, bu təcrübənin tətbiq edilməsində digər ölkələrin də maraqlı olduqları diqqətə çatdırılıb.