Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində könüllülər üçün təlimlər davam edir.
Növbəti təlim Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasında baş tutub.
Təlimdə könüllülərə tezliklə vətəndaşların istifadəsinə veriləcək “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının funksionallıqları və fəaliyyət istiqamətləri, eləcə də elektron xidmətlərin imkanları haqqında vətəndaşların maarifləndirilməsi, sorğuların aparılması və onları maraqlandıran sualların düzgün cavablandırılması qaydalarından danışılıb.
Sonda təlimçilər könüllüləri maraqlandıran sualları cavablandırıblar, rəy və təkliflər müzakirə olunub.
Bundan öncəki təlimdə iştirakçılara Elektron Hökumətin İnkişafı Mərkəzinə aid rəqəmsal layihələr (e-gov, ASAN Viza, ASAN Login, ASAN Finans, ASAN ödəniş və s.) haqqında geniş məlumat verilib, həmin layihələrin vətəndaşlar üçün yaratdığı üstünlüklər barəsində danışılıb.
“Rəqəmsal hökumət” təşviqat proqramı çərçivəsində “ASAN Könüllülük” Məktəbinin könüllüləri Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdə, universitetlərdə və digər mərkəzlərdə rəqəmsal xidmətlərin təşviqinə dair əhalinin maarifləndirilməsi prosesində bilavasitə iştirak edəcəklər.