Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.
Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə ödəyə bilərlər.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.
Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.