Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

176579
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin edən “myGov” portalı sayəsində məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamə vermək üçün vətəndaş “myGov” şəxsi kabinetində “Elektron etibarnamə” bölməsinə daxil olur, yeni etibarnamə üçün müraciət funksiyası vasitəsi ilə prosesə başlayır. Növbəti pəncərədə vətəndaşın qeydiyyatda olan nəqliyyat vasitələri görünür. Nəqliyyat vasitəsi seçilir və əgər nəqliyyat vasitəsinin icbari sığortası yoxdursa bu məlumat vətəndaşa dərhal bildirilir.

Növbəti mərhələdə etibarnamə veriləcək şəxsin FİN nömrəsi və sürücülük vəsiqəsinin seriya və nömrəsi daxil edilir. Əgər etibarnamə verilən tərəfin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə bu haqda məlumat verilir və etibarnamə verilə bilməyəcəyi bildirilir. Sonra etibarnamənin müddəti seçilir. Həmçinin bu mərhələdə həmin etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin başqa şəxsə verilib verilə bilməyəcəyi də seçilir. Növbəti şəxsiyyət təsdiqetmə mərhələsində vətəndaşın doğum yeri və tarixi, qarşı tərəfin mobil nömrəsi və ya digər təsdiqedici məlumatlar təqdim olunduqdan sonra ödəniş funksiyası aktivləşir. Vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş edib prosesi tamamlayır. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

Sonda vətəndaşın şəxsi kabinetinə bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığı nəticəsində "Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsilə elektron etibarnamələrlə yanaşı, nikahın və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir. Portal üzərindən ilkin olaraq 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, “myGov” portalından “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.