10-12 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti xüsusi dəvət əsasında Berlin şəhərinə səfər edib. Səfərin məqsədi Azərbaycan təcrübəsinin paylaşılması məqsədilə dünyada biliklərin mübadiləsinin təmin olunmasına həsr olunmuş 8-ci konfransda iştirak olub. Konfrans çərçivəsində məlumatların elektron mühitə transformasiyası, robot proseslərin avtomatlaşdırılması, süni intellekt və digər sahələrdə fikir mübadiləsi aparılıb, təşkilatların daha sürətli və effektiv fəaliyyət göstərməsi üçün müxtəlif həllər təklif edilib.
Rəqəmsallaşdırma sahəsində fəaliyyət göstərən “Fujitsu“, “Open text“, “ABBYY“ şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu ilki konfransa dünyanın müxtəlif ölkələrindən 300-dən artıq hökumət və şirkət nümayəndələri¸ ekspertlər qatılıblar.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti bir sıra şirkətlərin rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib, ölkəmizdə xidmətlərin inkişafı, elektron hökumət, innovasiyalar sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib, o cümlədən gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.