Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilməlidir.
Bunun üçün ilk növbədə dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sitemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” xanası işarələnir və "Yadda saxla" düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. “Təsdiqlə” düyməsi sıxılmayıbsa “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. “İcazələr” bölməsində sətrlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edərək “Yadda saxla” düyməsi sıxılır. Qeyd edək ki, səlahiyyət veriləcək şəxsin gücləndirilmiş elektron imzası həmin təşkilatın VÖEN-inə bağlı olmalıdır.
Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.
İcazələrin məqsədinə dair 3 kod təyin edilib:
1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür.
Belə ki, nümunə olaraq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Resbpulikasının vətəndaşları 2 AZE 1111111 məzmunlu SMS-i 8103 qısa nömrəsinə göndərməlidirlər.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.
Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.
Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər.
Sizə cavab mesajı 1 saat ərzində gələcək.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.
SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
Videotəlimatlara keçid: https://www.youtube.com/watch?v=ya2Rk-0Bmog&t=5s