Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzinin "157" Zəng (çağrı) Mərkəzi yeni platformaya keçirildi

2839
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Məlumat Hesablama Mərkəzinin "157” Zəng Mərkəzi yeni platformaya keçirilib. Artıq Zəng Mərkəzində "Elektron Hökümət" portalı, "E-imza" sertifikatları ilə yanaşı, AzDataCom, rabitə və kommunal xidmət borcları, Milli ÖN, Qoldenpay və Easypay vasitəsilə aparılan ödənişlər və s. ilə bağlı suallar da cavablandırılır. Mərkəz yeni proqram təminatı ilə təchiz olunub. Eyni zamanda operatorlar arasında yenidən ixtisaslaşma aparılmış və texniki sualların cavablandlırılması üçün müvafiq mütəxəssislər seçilmişdir. Nəzarət məqsədilə operatorların bütün cavabları online qeydiyyata alınır və uzun müddətə arxivləşdirilir.

Sentyabr ayının yekunu üzrə aparılan təhlillərə əsasən Zəng Mərkəzinə gün ərzində təxminən 250-300 arası müraciətlər daxil olur. Müraciətlərin sayı "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması" məsələsi ilə əlaqədar olaraq xüsusən iyul-sentyabr ayları ərzində pik həddə çatmış, gün ərzində təxminən 500-600 arası zənglər cavablandırılmışdır. Həmin dövrdə Zəng Mərkəzinin operatorları gücləndirilmiş iş rejimində çalışaraq istifadəçilərin bütün suallarını ətraflı cavablandırmışlar.

Müraciətlərin analizi zamanı məlum olur ki, vətəndaşların bir qismi "Elektron Hökümət" portalında online qeydiyyatdan keçmək üçün, bəzi elektron xidmətlərdən sona qədər istifadə edə bilmədikləri üçün müraciət edirlər. Bir qisim vətəndaşlar elektron imza kartlarından istifadə edə bilmədikləri, sənədləri elektron imza ilə imzalaya bilmədikləri üçün müraciətlər edirlər. Bəzən isə mobil cihazların İMEİ kodlarının portal vasitəsilə qeydiyyata alınması ilə bağlı müraciətlər daxil olur. Bütün hallarda vətəndaşlara lazımi məlumatlar verilir, texniki problemlər dərhal aradan qaldırılır və sonda istifadəçi məmnuniyyəti təmin edilir.

Müraciətlər telefon borcları, telefonların borca görə bağlanılması, Milli ÖN, Qoldenpay və Easypay vasitəsilə aparılan ödənişlər üzrə də qeydə alınır. Milli ÖN terminalları vasitəsilə edilən ödənişlərdə bəzən ödənişin vətəndaşın istədiyi xidmətə deyil, başqa xidmətə aid edildiyi hallar ola bilir. Zəng Mərkəzinin operatorları dərhal müraciəti aidiyyatı şöbələrə yönləndirir və korreksiya əməliyyatları vaxtında icra edilir. Bəzən Mərkəzə MHM-ə aid olmayan müraciətlər də daxil olur ki, həmin müraciətlər də aidiyyatı qurumlara yönləndirilir.

Gün ərzində daxil edilən müraciətlər hər günün sonunda müzakirə edilir, ən çox sual yaradan və təkrarlanan texniki problemlər aidiyyatı mütəxəssislərə bildirilir.

Eyni zamanda qeyd edək ki, vətəndaşlar sual və müraciətlərini facebook səhifələrimizə, skype ünvanımıza və e-poçt ünvanlarımıza da göndərirlər. Həmin müraciətlər dərhal araşdırılır, müvafiq tədbirlər görülür və vətəndaşlar bu barədə məlumatlandırılırlar.

Məlumat Hesablama Mərkəzi təqdim etdiyi xidmətlərin rahat, əlverişli şəkildə istifadəsinə, bir sözlə, istifadəçi məmnuniyyətinə xüsusi əhəmiyyət verir. Görülən işlərin keyfiyyətinin artırılması, mövcud problemlərin operativ şəkildə öyrənilərək aradan qaldırılması üçün Zəng Mərkəzi müəssisəmizin işinə bir növ təkan vermiş olur.