Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) banklar və sığorta şirkətlərinin rəhbər şəxsləri və aidiyyəti struktur bölmələrinin nümayəndələri ilə görüş keçirib.
Görüşün əsas məqsədi EHİM tərəfindən fintek sahəsində xidmət alan vətəndaşların işlərinin asanlaşması, onlayn xidmətlər üçün müraciət edən vətəndaşların idektifikasiya və autentifikasiya edilməsi və bu sahədə rəqəmsal həllərin tətbiqininin sürətləndirilməsi mövzularının müzakirəsi olub. 25 bank və 15 sığorta şirkətinin 100-dən çox nümayəndəsinin iştirak etdiyi onlayn tədbirdə EHİM-in layihələri haqqında ətraflı məlumat verilib, xüsusilə “ASAN Login” Vahid Giriş Sisteminin özəl sektorda fəaliyyət göstərən qurumlar üçün təqdim etdiyi yeni imkanlardan danışılıb.
Tədbir iştirakçılarına təqdimat edilərək “ASAN Login”in interfeys və funksionallıqları, inteqrasiya olunmuş sistemləri, istifadəçi sayları, yeni yaradılmış videoqeydiyyat xidmətinin imkanları haqqında danışılıb.
Öz növbəsində vətəndaşlar üçün 52-dən çox sistemə və portala vahid məkandan girişi də təmin edən “ASAN Login” istifadəçilərinə bir sıra üstünlükləri təqdim edir:
• Müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır;
• İstifadəçi səlahiyyətləri vahid mərkəzdən idarə edilir;
• Sistemə daxil olan zaman inteqrasiya olunmuş digər sistemlərə də avtomatik giriş təmin edilir;
• İnteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış təmin edilir;
• Təkrarçılığın qarşısı alınır və zamana qənaət edilir;
• İstifadəçi dublikasiyasının qarşısı alınır;
• Təkrar autentifikasiya və avtorizasiyaya ehtiyac qalmır; Görüşdə fintek sahəsinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
“ASAN Login” istifadəçiyə giriş etdiyi aktiv sessiyaları görmək, şifrəsini dəyişmək, öz adına olan yeni mobil nömrəni kabinetinə əlavə etmək kimi imkanları təqdim edir. “ASAN Login” - vətəndaşların elektron xidmətlərdən istifadəsi üçün yaradılmış sadə, rahat, güvənli Vahid Giriş Qapısıdır. Sistemin hazırda 1 903 000 -ə yaxın istifadəçisi vardır.