Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

EHİM-lə Azərbaycan-Britaniya Məzunları Birliyi arasında görüş keçirilib

7696
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) üzvləri arasında onlayn görüş keçirilib.

AUKAA-nın İdarə Heyətinin üzvü Mədinə Paşayevanın moderatorluğu ilə keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri, “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemi və ona inteqrasiya olunan qurumlar haqqında geniş söhbət açıb. Tədbirdə 710-dan çox elektron xidmətə çıxışı təmin edən “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platforması, inteqrasiya olunan sistemlərlə birlikdə 56 sistemə girişi təmin edən “ASAN Login” Vahid Giriş Sistemi, 670-dən çox elektron ödəniş xidməti təqdim edən “ASAN ödəniş” sistemi, “ASAN Finans” haqqında ətraflı məlumat verilib. Görüşdə, həmçinin rəqəmsal savadlılıqla elektronlaşmanın paralel inkişafı, dövlət-özəl tərəfdaşlığı, İT sahəsində mövcud kadr potensialı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

EHİM rəqəmsal hökumət xidmətlərinin yaradılması və inkişafında vətəndaş iştirakını təmin etmək məqsədilə maraqlı tərəflərlə, o cümlədən ictimai təşkilatlar, biznes qurumları, banklar, sığorta şirkətləri ilə mütəmadi görüşlər təşkil edir. AUKAA-nın rəqəmsal hökumət quruculuğunda dünya liderlərindən olan Böyük Britaniyada müxtəlif proqramlar üzrə təhsil almış və müxtəlif sahələri təmsil edən 750-dən çox gənc peşəkarı əhatə etdiyi nəzərə alınaraq görüşdən əvvəl sorğu təşkil olunub. Sorğu çərçivəsində rəqəmsal hökumət xidmətlərindən istifadə, rəy və təkliflər, həmçinin görüşün müzakirə mövzuları müəyyən edilib.

EHİM tərəfindən maraqlı tərəflərlə keçirilən görüşlərin yekun hədəfi rəqəmsal xidmətlərlə bağlı ictimaiyyətin rəy və təkliflərini öyrənmək, rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir.