Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

5 saylı “ASAN xidmət”də “Rəqəmsal xidmət” pəncərəsi fəaliyyət göstərir

6142
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Rəqəmsal xidmət” pəncərəsi fəaliyyət göstərir. Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan bu pəncərənin əsas məqsədi vətəndaşların elektron xidmətlər haqqında suallarını cavablandırmaq, onlara elektron xidmətlərin istifadəsində dəstək göstərməkdir. “Rəqəmsal xidmət” pəncərəsi E-xidmətlərdən yararlanmaq üçün lazımi şəraiti və ya məlumatı olmayan Azərbaycan vətəndaşlarının, həm də ölkə ərazisində yaşayan əcnəbi vətəndaşların bu istiqamətdə yaşadıqları çətinlikləri aradan qaldırmaq üçün yaradılıb.

Yeni xidmət pəncərəsində vətəndaşlar E-xidmətlər, o cümlədən “ASAN Login”, “myGov”, eGov, “ASAN ödəniş” və digər portallar barədə geniş məlumat əldə edirlər. Burada, həmçinin vətəndaşlara qeydiyyatdan keçmək, hesaba girişi bərpa etmək və digər istiqamətlər üzrə operativ texniki dəstək göstərilir.

“Rəqəmsal xidmət” pəncərəsinin fəaliyyəti üç istiqamətdə həyata keçirilir:

1. Elektron hökumət portalı üzrə- Bura portaldan qeydiyyatdan keçmək, iş yerinə dair arayış çıxarmaq, pensiya haqqında məlumatlar əldə etmək, eləcə də elektron hökumət portalı vasitəsilə mümkün olan bütün xidmətlərə necə müraciət etmək haqqında məlumat əldə etmək mümkündür .

2. “ASAN Login” sistemi üzrə - Burada vətəndaşlar üçün qeydiyyatdan keçmək, “ASAN Login”də mümkün olan xidmətlər, eləcə də bura qoşulmuş 60-a yaxın sistemin göstərdiyi xidmətlər haqqında məlumat əldə etmək mümkündür. Həmçinin, yaşı 18 yaşdan aşağı olan vətəndaşların qeydiyyatdan keçməsinə ehtiyac yarandıqda, əkiz və ya üçəmlərdən biri olduqda, plastik əməliyyat və ya hər hansı digər səbəbdən portalda videoqeydiyyatdan keçə bilmədikdə müraciət etmək mümkündür.

3. “myGov” portalı üzrə - qeydiyyat, fərdi məlumatlara baxmaq, arayışların çıxarılması və digər məlumatlarla tanış olmaq mümkündür.

“Rəqəmsal xidmət” pəncərəsində sadalanan istiqamətlərdə göstərilən xidmət vətəndaşlar üçün ödənişsiz olaraq EHİM-in əməkdaşları tərəfindən həyata keçirilir.

Gələcəkdə bu cür “Rəqəmsal xidmət” pəncərəsinin digər “ASAN xidmət” mərkəzlərində də yaradılması nəzərdə tutulub.