Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

EHİM və "Azərikard" arasında Memorandum imzalanıb

4809
Mətni çap edin Mətni kopyala t1 t0 t2

12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə "Azərikard" MMC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun istiqamətlərindən biri Azərikard Təmassız Texnologiyalar Alyansı (ATTA) çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin ödənişlərinin avtomatlaşdırılmasıdır ki, bununla da vətəndaşların vaxtına daha da qənaət olunması və məmnunluğunun artırılması nəzərdə tutulub. Əməkdaşlıq eləcə də “ASAN ödəniş” sistemində mövcud olan ödənişlərin "Azərikard" ödəniş sisteminə inteqrasiya edilməsi və elektron ödənişlər zamanı istifadəçi əlçatanlığının təmin olunmasını ehtiva edir.

Memoranduma əsasən Dövlət Agentliyi tərəfindən təşkil edilən yeni “StartupFest” çərçivəsində innovativ layihələrin hazırlanması və tətbiqi üzrə də əməkdaşlıq həyata keçiriləcək. “StartupFest” əməkdaşlığının məqsədi ən son texnologiyaları və yanaşmaları istifadə etməklə ödəniş və xidmət sahələrində startap layihələrini təşkil etmək və vətəndaşların istifadəsinə təqdim etməkdir. Birgə əməkdaşlıq çərçivəsində, həmçinin "Fintek" sahəsində hakatonların və birgə digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

EHİM müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.

Azərbaycanın ilk prosessinq mərkəzi olan "Azərikard" 25 ildir ki, müştərilərin xidmətindədir. Hazırda mərkəz 15 yerli və 2 xarici banka xidmət göstərir. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi “Azərikard”ın fəaliyyətində prioritet istiqamətlərdən olaraq qalmaqdadır.