Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində növbəti təlimlər keçirib. Bu dəfəki onlayn təlimlər Naftalan şəhər, habelə Daşkəsən, Goranboy, Göygöl, Samux, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının icra hakimiyyəti əməkdaşları üçün keçirilib.
Ötən ilin noyabr ayında pilot layihə olaraq ictimaiyyətə təqdim edilən “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı vasitəsilə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarının icra hakimiyyətlərinin bir çox xidmətləri elektronlaşdırılıb.
Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yanvarın 26-dan etibarən EHİM tərəfindən təlimlərə başlanılıb. Bundan əvvəlki təlimlər, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarının icra hakimiyyəti əməkdaşları üçün təşkil olunub.
Təlimlər çərçivəsində portalın həm vətəndaşlar, həm də icra hakimiyyətləri üçün yaradılan funksionallıqları haqqında geniş məlumat verilir.
rih.gov.az portalı vətəndaşlara yerli icra hakimiyyətləri xidmətləri üçün elektron qaydada müraciət etmək, görüşün təyin edilməsi üçün onlayn müraciət etmək, onlayn görüş müraciəti yaratmaq, onların fəaliyyəti haqqında məlumat almaq, müxtəlif mövzuları aktuallaşdırmaq imkanı yaradır. İcra hakimiyyətləri isə “Rəqəmsal icra hakimiyyəti” portalının təqdim etdiyi üstünlüklər sayəsində fəaliyyətlərini daha da səmərəli və operativ qura biləcək, vaxt və resurslarına qənaət edərək daha operativ qərarlar qəbul edə biləcək.
Tədbirdə icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb, rəy və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.