14-15 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstanın Nur-Sultan şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti “Rəqəmsallaşma üzrə Ehtiyacların Qiymətləndirilməsi Sorğusunun Nəticələrinin Qiymətləndirilməsi” mövzusunda regional konfransda iştirak edib.
Konfrans Astana Dövlət Xidməti Mərkəzinin (ACSH), BMT-nin İnkişaf Proqramının (UNDP), Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin (MOIS), Milli İnformasiya Cəmiyyəti Agentliyinin (NIA) və “Zerde” Milli İnfokommunikasiya Holdinqi ASC-nin təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçı ölkələrin dövlət idarəetməsində innovativ təcrübələrin tətbiqi və dövlət xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, habelə dövlət qulluqçularının və təcrübəçilərin potensialını artırmaq məqsədilə 2021-ci ildə başlayan “İdarəetmədə İnnovasiya və Dövlət Xidmətlərinin Rəqəmsallaşdırılması üzrə Bacarıqların İnkişafı” layihəsi çərçivəsində həyata keçirilib.
Layihə üzrə ehtiyacların qiymətləndirilməsinə dair onlayn sorğu Dövlət Agentliyi tərəfindən cavablandırılıb və ACSH-yə təqdim olunub.
Konfransda Azərbaycanla yanaşı, digər iştirakçı ölkələr tərəfindən təqdim edilən ehtiyacların qiymətləndirilməsi sorğusunun nəticələri müzakirə edilib.
Bununla yanaşı konfransda 2022-ci il üçün planlaşdırılan fəaliyyətlərin həcmi və məzmunu, müvafiq olaraq metodiki vəsaitin və bilik məhsulları üzrə mövzuların təsdiq olunması ətrafında geniş fikir mübadiləsi aparılıb.