Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanda rəsmi səfərdə olan Koreyanın Baş naziri Çanq Honqvon Azərbaycanda "Elektron hökumət" sisteminin sürətli inkişafını yüksək dəyərləndirdiyini bildirdi

2110
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Noyabrın 26-dan Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikasının Baş naziri Çanq Honqvon yerli xəbər saytlarına verdiyi müsahibədə son illər ölkəmizdə baş verən innovativ dəyişikliklərə öz münasibətini bildirmişdir. Koreya-Azərbaycan əlaqələri eləcə də, hər iki ölkənin beynəlxalq müstəvidə BMT və digər qurumlarla sıx əməkdaşlıq münasibətlərinin davam etdiyini qeyd edən baş nazir 2007-2012-ci illərdə prezident İlham Əliyevin Koreya Respublikasına rəsmi səfərlərinin hər iki dövlət arasında diplomatik münasibətlərin dərinləşməsinə təkan verdiyini vurğuladı.

Baş Nazir Azərbaycanda digər sahələrlə yanaşı "Elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirdiyini, Azərbaycanın "Elektron hökumət” sisteminin BMT-nin "elektron hökumət” araşdırmasına əsasən, 2010-cu illə müqayisədə 28 pillə irəliləyərək 2014-cü ildə 68-ci yerdə qərarlaşmasını böyük müvəffəqiyyət hesab etdiyini söylədi. Cənab Çanq Honqvon dedi: "Elektron hökumət” təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır və insanların gündəlik həyatlarını daha da asanlaşdırır”. Həmiçinin, Koreya "elektron hökumət” sisteminin yaradılması və inkişafı üçün Azərbaycan ilə fəal surətdə təcrübə və biliklərini paylaşdığını ifadə etdi.

Çanq Honqvon müsahibəsində, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirdiyini və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil etdiyini, həmçinin gələcəkdə Azərbaycan ilə elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumatı sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacağını vurğuladı.

Baş Nazir öz müşahidələrinə əsasən, coğrafi mövqelərinə görə bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Koreya Respublikalarını yaxınlaşdıran dəyərlərin mövcudluğundan, bir çox adət-ənənələrimizin oxşarlığından- böyüklərə hörmət, qonaqpərvərlik və s. bəhs edərək, Azərbaycan hökuməti və xalqının dost münasibətini yüksək dəyərləndirdiyini və iki dövlət arasında əlaqələrin gələcəkdə daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyini bir daha bəyan etdi.