4 fevral 2016-cı il tarixində bəzi kütləvi informasiya vasitələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalına inteqrasiya edilmiş 13 xidmətindən hazırda yalnız 5 elektron xidmətinin işlək olduğu haqqında məlumat yayılıb.
Bununla əlaqədar “Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, bu qurumun təqdim etdiyi mövcud e-xidmətlərdən bir qisminin aktiv olmaması ƏƏSMN-də aparılan islahatlarla bilavasitə bağlıdır. Aparılan yeni islahatlara uyğun olaraq həmin xidmətlər üzərində vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri aparılır.
Hazırda ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi 7 elektron xidmət tam şəkildə işləkdir və vətəndaşların istifadəsindədir. Qeyd edək ki, təkcə yanvar ayı ərzində qurumun təqdim etdiyi 7 xidmətə 174708 dəfə müraciət edilib.
Xatırladaq ki, ƏƏSMN-i "Elektron hökumət" portalı üzərindən aşağıdakı 7 adda elektron xidmətləri təqdim edir.
* İş yerinə dair arayış
* Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
* Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi
* İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru
* Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator
* Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi
* Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi