ADA Universitetində təşkil olunan “Karyera həftəsi” çərçivəsində ali təhsil ocağının tələbələrinə “Elektron hökumət” portalı haqqında ətraflı məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri universitetin informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələri ilə təcrübələrini bölüşüblər.
“Elektron hökumət” infrastrukturu üzrə çıxış edən Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Ruslan Mürsəlov “Elektron Hökumət” portalının vətəndaşların, fiziki və hüquqi şəxslərin işini sadələşdirdiyini vurğulayıb. Qeyd olunub ki, portalda bu gün əmək fəaliyyəti ilə bağlı bir sıra faydalı elektron xidmətlər mövcuddur. Bura iş yerinə dair arayış, işçinin sosial sığorta ödənişləri, əmək bildirişləri barədə xidmətlər daxildir.
Mütəxəssis bu sistemin gənclər tərəfindən istifadəsinin vacibliyini də qeyd edib. Çünki “Elektron Hökumət” portalı ictimai texnoloji alətdir, bu alətin daha da təkmilləşdirilməsi birbaşa sosial tələbdən asılıdır.
Qeyd edək ki, tədbir Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.