22 aprel tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Macarıstanın Daxili İşlər Nazirliyi arasında rəqəmsal hökumət sahəsində təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirilib.
Görüş çərçivəsində Dövlət Agentliyi və Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) nümayəndələri tərəfindən “ASAN xidmət”, eləcə də rəqəmsal hökumət sahəsində görülmüş işlər barədə geniş təqdimat edilib.
Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bundan əlavə Elektron informasiya mübadiləsi sisteminin dövlət – dövlət, dövlət - vətəndaş və dövlət – özəl istiqamətində fəaliyyət göstərdiyi bildirilərək, “ASAN Login” Vahid Giriş Sisteminin süni intellekt həllərinə əsaslandığı vurğulanıb. EHİM tərəfindən idarə olunan “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalının reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi təmin etdiyi qeyd edilib, “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Viza” layihələri haqqında geniş məlumat verilib.
Macarıstanın müvafiq qurumun nümayəndələri elektron hökumət idarəçiliyinin strateji və hüquqi əsasları, dövlət data mərkəzi, bələdiyyələrin rəqəmsallaşdırılması sahəsində təcrübələri haqqında geniş məlumat veriblər.
Görüş çərçivəsində tərəfləri maraqlandıran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılığa gəlinib.