Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “NETTY 2021” Milli İnternet Mükafatının iki nominasiyası üzrə qalib olub.
Mərkəzin iki layihəsi “Dövlət və Cəmiyyət”, “İnformasiya və Xəbərlər” nominasiyaları üzrə mükafatlandırılıb.
“Dövlət və Cəmiyyət” nominasiyasının sosial kanallar və səhifələr kateqoriyası üzrə EHİM tərəfindən idarə olunan Elektron Hökumət Portalının rəsmi “Facebook” səhifəsi qalib elan olunub. 143 mindən çox izləyicisi olan Elektron Hökumət Portalının “Facebook” səhifəsində rəqəmsal xidmətlər və onlardan istifadə vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə aparılır, habelə vətəndaşların bu istiqamətdə daxil olmuş müraciətləri cavablandırılır.
“İnformasiya və Xəbərlər” nominasiyasının vebsaytlar kateqoriyası üzrə isə EHİM və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşdırılan "Rəqəmsal Azərbaycan" radio verilişi üzrə podkastların (https://www.digital.gov.az/digitalazerbaijan/az/digital-fm) təqdim edildiyi veb-səhifə qalib olub. Xatırladaq ki, ölkədə və dünyada baş verən rəqəmsal yeniliklər, innovativ texnologiyanın həyatımızdakı rolu, eləcə də elektron dövlət xidmətləri və istifadəsi ilə bağlı cəmiyyəti maarifləndirən “Rəqəmsal Azərbaycan” verilişinin əsas məqsədi cəmiyyətin rəqəmsal savadlılığının artırılması və bu istiqamətdə maarifləndirilməsidir. Verilişin indiyədək 100-dən çox buraxılışı efirə gedib. “Rəqəmsal Azərbaycan” radio verilişini həftənin 2 günü - cümə axşamı saat 19.05-də və cümə günü 14.05-də (təkrarı) ASAN Radio-100 FM dalğasında dinləmək mümkündür.
İnklüzivliyin təmin olunması, eləcə də radioya qulaq asmayan və ya asma imkanı olmayan vətəndaşların məlumatlılığının təmin olunması məqsədilə verilişin bütün sayları digital.gov.az veb-səhifəsində xüsusi podkastlar şəklində təqdim olunub.
EHİM tərəfindən “NETTY 2021” Milli İnternet Mükafatında əldə olunan qalibiyyət ilk dəfə deyil. Öncə Mərkəzin “ASAN Viza” layihəsinin rəsmi “Facebook” səhifəsi də aidiyyatı jüri və ekspertlər tərəfindən dəyərləndirilərək qalib elan olunub.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarır.