“Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı üzrə rəqəmsal könüllülər tərəfindən bölgələrdə keçirilən maarifləndirmə işlərinin birinci mərhələsi yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və "ASAN Könüllülük" Məktəbinin dəstəyi ilə rəqəmsal maarifləndirmə Gəncə şəhəri, eləcə də Quba və Masallı rayonlarında həyata keçirilib. EHİM tərəfindən xüsusi təlimlər keçən rəqəmsal könüllülər tərəfindən vətəndaşlara rih.gov.az portalının üstünlükləri, yerli icra hakimiyyətləri ilə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, habelə portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və digər istiqamətlər haqqında məlumat verilib, portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək göstərilib.
Birinci mərhələdə Gəncə şəhəri, Quba və Masallı rayonları üzrə ümumilikdə 7 mindən çox vətəndaş rih.gov.az portalı haqqında məlumatlandırılıb.
Könüllülər layihə çərçivəsində vətəndaşların maarifləndirilməsində fəal iştirakına görə təşəkkürnamə və EHİM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
“Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalının əsas hədəfi vahid məkandan xidmətlərə elektron çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, vətəndaş məmnuniyyətinin artırılması, eləcə də data əsaslı operativ qərar qəbuletməyə nail olunmasıdır. Portal ilkin olaraq Quba, Masallı rayonları və Gəncə şəhərinin vətəndaşları üçün ötən ilin noyabr ayında istifadəyə verilib. Mart ayından etibarən isə bütün rayonların icra hakimiyyətləri üçün tətbiq olunub.