Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron vəkil" informasiya sistemi təkmilləşdirilir

7499
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi üzrə Dünya Bankının layihə rəhbəri xanım Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 27-də Vəkillər Kollegiyasında olmuşdur.

 

Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dünya Bankı ilə əməkdaşlığa önəm verildiyini bildirərək, elektron vəkillik və bu sahədə elektron xidmətlərin xüsusi əhəmiyyətini diqqətə çatdırmışdır. Sədr xatırlatmışdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur: “Biz cənab Prezidentin Sərəncamından sonra dərhal işə başladıq və müəyyən addımlar atdıq. Ancaq hesab edirəm ki, hazırda “Elektron vəkil” sisteminin təkmilləşdirilməsinə və onun “Elektron məhkəmə” informasiya sisteminə tam inteqrasiyasına ehtiyac var. Ümumiyyətlə, “Elektron vəkil” sistemin daha effektiv fəaliyyəti üçün Vəkillər Kollegiyasına ardıcıl dəstək göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onu da qeyd etməliyəm ki, hazırda Vəkillər Kollegiyası “Elektron order” sistemi ilə əlaqədar bütün işləri yekunlaşdırıb və gələn ay sistemi pilot layihə kimi təqdim etməyi nəzərdə tuturuq”.

 


Anar Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırmışdır: “Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcəkdir.