You can return to the old version of the website

Open old version

Azərbaycan Dillər Universitetində “Elektron hökumət və gənclər” mövzusunda dəyirmi masa keçirildi

2710
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə 30.01.2015-ci il tarixdə Azərbaycan Dillər Universitetində “Elektron hökumət və gənclər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Dillər Universitetinin,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Ombudsmanın rəsmiləri və tələbələr iştirak edirdilər.

Tədbirdə ilk çıxış üçün söz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İ.Abdullayevə verildi. O, "Elektron hökumət və gənclər" mövsusunda çıxış edərək, son illər ərzində ölkəmizdə Elektron Hökumət quruculuğu, elektron xidmətlərin təşkili və göstərilməsi sahəsində mühüm nəticələr əldə olunduğunu və bu inkişafın beynəlxalq miqyasda da nəzərə çarpacaq dərəcədə hiss olunduğunu söylədi. Hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 e-xidmətin inteqrasiyası təmin edilmişdir. Portalda olan e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəlməsi və aparılan maarifləndirmə-təbliğat xarakterli tədbirlərin nəticəsində  təkcə 2014-cü il ərzində elektron xidmətlərdən istifadə edən istifadəçilərin sayında ~50 dəfə artım müşahidə olunmuşdur.  Əgər 2013-cü ilin yanvarında 23.115 nəfər elekron xidmətlərdən yararlanmışdısa, 2015-ci ilin yanvarında bu rəqəm 1.137.975 nəfər olmuşdur. Vətəndaşlar tərəfindən elektron xidmәtlərә müraciət sayında 856 dəfə artım müşahidə olunmuşdur. Belə ki, elektron xidmәtlərә müraciət sayı 2013-cü ilin yanvarında 7.957 olmuşdursa, 2014-cü ilin sonuna bu rəqəm 6 812 582 nəfər olmuşdur.

Məruzəçi qeyd etdi ki, Məlumat Hesablama Mərkəzi tərəfindən vətəndaşlara daha çox lazım olan sosialyönümlü xidmətlərin elektronlaşmasına xüsusi diqqət verilir. Məlum olduğu kimi, vətəndaşlar gündəlik həyatda sənədləşdirmə işləri üçün dövlət qurumlarından müxtəlif arayışların alınmasına günlərlə vaxt sərf edirlər. Bunu nəzərə alaraq “Elektron hökumət” portalı vasitəsilə elektron arayışların alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Yalnız 2014-cü ilin dekabr ayı ərzində  vətəndaşlarımız tərəfindən  40 minə yaxın elektron arayış formalaşdırılmışdır. Vətəndaşlardan daxil olan sorğular nəzərə alınaraq, tezliklə elektron arayışların sırasına bir sıra digər e-arayışlar da əlavə olunacaqdır.

Məruzəçi bildirdi ki, portal üzərindən təqdim olunan bir çox real elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan xidmətlərin statistikası sosial xidmətlərin rəqəmsallaşması prosesində gənclərin aktiv rolunu bir daha təsdiqləyir. Məlumat Hesablama Mərkəzi çalışır ki, gənclər Elektron Hökumət quruculuğunda fəal olsunlar və elektronlaşma prosesinin iştirakçısına çevrilsinlər. Vurğulandı ki, portalının operatoru olaraq Məlumat Hesablama Mərkəzi mütəmadi olaraq "Elektron Hökumət" quruculuğu istiqamətində maarifləndirici və təbliğat xarakterli tədbirlər təşkil edir. Cari ildə də bir çox ali məktəblərdə və kolleclərdə analoji təlimlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərin keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron sənəd mübadiləsinin əhəmiyyəti barədə ətraflı məlumat vermək, elektronlaşmanın mahiyyətini və perespektivlərini izah etməkdir.

İ.Abdullayev çıxışının sonunda təklif etdi ki, Azərbaycan Dillər Universitetində maariflənmə xarakterli təlimlər təşkil olunsun və tələbə gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza barədə prezentasiya üzrə daha geniş məlumat verilsin, gənclərə daha maraqlı olan e-xidmətlər əyani şəkildə test olunsun və gənclərin rəy və təklifləri dinlənisin.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirildi. Çıxışlardan sonra tələbələrin mövzu ətrafında sualları aidiyyatı qurumların nümayəndələri tərəfindən cavablandırıldı.