You can return to the old version of the website

Open old version

Açıq Hökumət Məlumatlarının iqtisadi, sosial və siyasi təsirləri

2216
Print the text Copy text t1 t0 t2

Açıq Hökumət Məlumatlarının (Open Data) iqtisadi, sosial və siyasi sahələrə müsbət təsiri danılmazdır. Dünya təcrübəsindən aydın olur ki, bir çox açıq məlumat təşəbbüsləri informasiyanın ətraflı təhlil edilmədiyindən və zəruri şərait olmadığından potensial səmərisini vermir. Açıq Hökumət Məlumatlarının geniş çərçivədə tətbiq olunduğu ölkələrdəki sosial-iqtisadi şəraiti qismən təxmin etmək mümkündür. Belə ki, məşhur veb indeksin (veb indeks - internetin inkişafı və sosial faydası üzrə illik reytinqdir) bir hissəsi açıq hökumət məlumatlarının hökumət əməliyyatlarının səmərəsinə, həmçinin, ictimai şəffaflıq və cavabdehliyinə təsirini qiymətləndirir. İndeksə əsasən məlum olur ki, ölkənin ümumi gəliri və internetdən istifadə səviyyəsi arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, ümumi gəliri yüksək olan ölkələrdə internetdən istifadə səviyyəsi daha yüksəkdir, bu da həmin ölkələrdə açıq hökumət məlumatlarının tətbiqi üçün lazım olan şəraitin olmasını göstərir. Belə ölkələrdə Açıq Hökumət Məlumatları hökumət əməliyyatlarının səmərəsinə, həmçinin, ictimai şəffaflıq və cavabdehliyə əhəmiyyətli dərəcədə təsir edir.

Veb-İndex. Ölkələrin ümumi iqtisadi gəliri və internetdən istifadə səviyyəsi arasında qarşılıqlı əlaqə

Hökumət məlumatlarının açıq edilməsi ölkənin iqtisadi gəlirinə də əsaslı dərəcədə təsir edir. Qeyd edək ki, məlumatların açıq edilməsi üçün zəruri şərait formalaşmalıdır. Belə zəruri şərait internetdən istifadə səviyyəsinin yüksək olmasından birbaşa asılıdır. Məsələn, İqtisadi Azadlıq İndeksi üzrə lider olan 10 ölkənin 5-i Veb İndeks onluğunun (Avstriya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları, İsveçrə, Kanada) ən yüksək pilləsində yer alır. Qeyd edək ki, bu ölkələrin həm iqtisadi gücü, həm də internetdən istifadə səviyyəsi yüksəkdir.

Hökumət üçün məlumatların açıq edilməsinin əsas aspektlərindən biri də əldə olunacaq iqtisadi mənfəətdir. Açıq hökumət məlumatları sayəsində əldə olunacaq birbaşa və dolayı iqtisadi mənfəətin əvvəlcədən hesablanması mühüm stimuldur. Mövcud faktlara əsaslanaraq demək olar ki, açıq edilmiş məlumatlar üzrə dolayı iqtisadi gəlir bir çox sahələrdən və bir neçə formada əldə oluna bilər. Açıq Hökumət Məlumatları üzrə əldə olunan mənfəətləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

  • Artan iqtisadi fəaliyyət sayəsində yüksəlmiş vergi gəlirləri
  • Yeni iş yerlərinin yaradılması
  • Məlumatların əldə olunması üçün sərf olunan xərclərin azaldılması

Açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranır, bu isə öz növbəsində elm və iqtisadiyyatın inkişafına təsir edir. Nəticədə mövcud ictimai xidmətlərin keyfiyyəti yüksəlir, əlaqəli bazarlar arasında əməkdaşlıq güclənir, bu da iqtisadi tərəqqiyə səbəb olur. Açıq Hökumət məlumatları ölkənin siyasi vəziyyətinə də təsir edir, şəffaflığı və cavabdehliyi təmin edir, vətəndaşların siyasi proseslərdən xəbərdar olmasına və həmin proseslərdə birbaşa iştirakına şərait yaradır. Şübhəsiz, hökumət məlumatlarının açıq edilməsi nəticəsində baş verən iqtisadi-siyasi tərəqqi sosial sahəyə də öz təsirini göstərir. Nəticədə, vətəndaşlara verilən ictimai səlahiyyətlər artır, sosial proseslərdə vətəndaşlar daha aktiv iştirak edir, informasiyanın əl çatanlığı təmin olunur və bu da vətəndaşların qərarqəbuletmə və idarəetmə proseslərində iştirak etməsinə stimul verir.

Açıq Hökumət Məlumatlarının yayımlanması və təkrar istifadə prosesinin əsas üstünlükləri
İqtisadi Siyasi Sosial
Yeni iş potensial Şəffaflıq və cavabdehlik İctimai səlahiyyətlər artır
Yeni xidmətlər İdarəetmədə iştirakçılıq Proseslərdə iştirakçılıq
Elm və iqtisadiyyatın inkişafı Siyasi proseslərdən xəbərdarlıq Qərar-qəbuletmə prosesində iştirak etməyə stimul verir
İctimai xidmətlərin keyfiyyətinin yüksəlməsi İnformasiya əl çatanlığı  
Əlaqəli bazarların inkişafı