You can return to the old version of the website

Open old version

Artıq Elektron hökumət portalında “Rəqəmsal cəmiyyət” adlı yeni rubrika fəaliyyətə başladı. Bu rubrikanın qonağı olan hər kəs Elektron hökumət quruculuğu istiqamətində gördüyü işlər barədə məlumat verəcək, öz düşüncə və təkliflərini paylaşacaq.

3472
Print the text Copy text t1 t0 t2

Nadir Rəsulov: “Elekton imza – virtual dünyanın şəxsiyyət vəsiqəsidir.”

Elektron Hökumət portalının “Rəqəmsal cəmiyyət” rubrikasının bu dəfəki qonağı RYTN MHM-in baş mütəxəsisi, “E-imza” layihəsinin rəhbəri Nadir Firudin oğlu Rəsulovdur. Nadir Rəsulov Azərbaycan Texniki Universitetinin (keçmiş AzPİ) “Telekommunikasiya və rabitə” fakültəsini bitirib.Həmin ildən təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Bakı Teleqrafı”nda mühəndis kimi fəaliyyətə başlayıb,“Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”ndə (BTRİB) sahə rəisi, "Bakinternet” internet xidmətlərinin rəisi vəzifələrində çalışıb. 2006-cı ildə Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi vəzifəsinə təyin olunub. Eyni zamanda, Azərbaycan Texniki Universitetinin "İnformasiya şəbəkələri və kommunikasiya sistemləri” kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. Bir neçə monoqrafiya,tədris vəsaiti və elmi məqalələrin müəllifidir. 2007-ci ildə "Rabitə ustası” fəxri adına layiq görülüb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla "Tərəqqi” medalı ilə təltif edilib.

                                             - Nadir müəllim, e-imzanın yaranma prosesini qısaca şərh etmək olarmı? Hazırda, e-sənəd mübadiləsinin ən mühüm vasitəçisi olan e-imzanın yaranmasını zəruri edən amillər nələr idi?

Bilirsiniz ki, müasir dövrdə informasiya təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. İnformasiya şəbəkələri vasitəsilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının gizliliyinin təmin olunması üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Digər tərəfdən, elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin müəyyən edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır.

Elektron imza ideyası 20-ci əsrin  70-ci illərində meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və  3-cü tərəfin (dövlət və özünüidarə orqanları, internet kommersiya strukturları və s.)   bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

Hal-hazırda elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və həmçinin, belə ölkələrdə inkişaf daha da dinamik baş verir. Elektron imzanın tətbiq edilməsi Azərbaycanın Avropaya inteqrasiyanı daha da sürətləndirir və beynəlxalq resurslardan, o cümlədən, beynəlxalq iqtisadiyyatdan faydalanmağa şərait yaradır.

                                             

- “Elektron imza nədir” sualına ümumilikdə necə cavab vermək olar?

Elekton imza –virtual dünyanın şəxsiyyət vəsiqəsidir. Bu imza elektron sənədin rekviziti olan simvollar ardıcıllığı olub, onun tamlığını və həqiqiliyini təsdiq edir. Bu simvollar ardıcıllığı elektron sənəd üzərində gizli açar vasitəsilə edilən kriptoqrafik əməliyyatlar nəticəsində əmələ gəlir və imza sahibini müəyyənləşdirməyə  imkan verir. Elektron imza ilə imzalanmış elektron sənəd kağız daşıyıcı üzərindəki imzalanmış və qanunvericilik çərçivəsində möhürlənmiş sənədə bərabər tutulur.

Elektron imza elektron, yəni virtual dünyada şəxsiyyətin müəyyənləşdirilməsi üçün istifadə olunan vasitədir. 

- Elektron sənədin elektron imza ilə imzalanması prosesi necə baş verir?

Elektron sənəd mübadiləsində iştirak edən hər bir istifadəçi üçün 2 unikal kriptoqrafik açar – gizli və açıq açarlar generasiya olunur. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununda gördükləri funksiyalara uyğun olaraq gizli açar “elektron imza yaratma məlumatları”, açıq açar isə “elektron imza yoxlama məlumatları” termini kimi verilmişdir.Gizli açar vasitəsilə sənəd şifrlənir və elektron imza formalaşdırılır. Bu açar xüsusi daşıyıcıda saxlanılmalı və heç kimə bildirilməməlidir. Açıq açar vasitəsilə isə qəbul olunan sənədin yoxlanılması həyata keçirilir və bu açar adından da göründüyü kimi, hamı üçün açıqdır və düblikatı Milli Sertifikat Xidmətləri Mərkəzində saxlanılır.

Elektron imza sahibi öz gizli açarından istifadə edərək xüsusi proqram vasitəsilə göndərilməsi nəzərdə tutulan sənəd üçün simvollar ardıcıllığından ibarət olan elektron imza generasiya edir. İmzaya aşağıdakı məlumatlar da daxil edilir:

* imzanın formalaşdığı tarix;

* imza sahibi haqqında məlumatlar;

* imzalanmış faylın adı;

* vaxt göstəriciləri.

Sənədin qəbul olunduğu tərəfdə sənədi imzalayan şəxsin açıq açarından istifadə edilərək elektron imzanın yoxlanılmasını həyata keçirən əks kriptoqrafik çevrilmə yerinə yetirilir. Əgər sənədə əlavə edilmiş elektron imza tamdırsa, deməli sənəd həqiqətən də göndərən şəxs tərəfindən imzalanıb və sənədə heç bir dəyişiklik edilməyib.

- Nadir müəllim, imzalanmış sənədə əlavə edilən vaxt göstəricisi nə deməkdir? Xahiş edirəm, bu barədə qısaca da olsa, məlumat verəsiniz.

Vaxt göstəricisi (buna çox vaxt taymstamp, yəni vaxt möhürü də deyilir) – müəyyən hadisənin nə vaxt baş verdiyini göstərən kodlanmış informasiya və ya simvollar ardıcıllığıdır. Bu termin  idarə və müəssisələrdə, poçtlarda işlədilən  adi möhürdən əmələ gəlmişdir. Bu möhürlər kağız üzərindəki sənədlərin təsdiqi, poçtda isə zərfin nə vaxt qəbul olunduğunu təsdiq edir.

Bunlara oxşar olaraq elektron imza texnologiyasında vaxt göstəricisi anlayışından istifadə olunur.Vaxt göstəricisi elektron sənədin nə zaman imzalandığının həqiqiliyini sübut etmək üçün vacibdir. Sənəd elektron imza ilə imzalanan vaxt Sertifikat Xidmətləri Mərkəzindəki xüsusi avadanlıqlar vasitəsilə həmin sənədə imzalanma tarixi və vaxtı əlavə edilir. Beləliklə, sənədi imzalayan elektron imza sahibi heç vaxt sənəddən imtina edə bilməz.

                                             

- Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “E-imzalayıcı” proqramından əlavə “Onlayn imzalayıcı” proqramının hazırlanmasını vacib edən şərtlər nə idi?

Son vaxtlar həm dövlət, həm də biznes strukturlarında elektron sənəd mübadiləsindən istifadə, eləcə də bu strukturlar tərəfindən təqdim edilən elektron xidmətlərın tətbiqi sürətlənmişdir. Ancaq həm elektron sənəd mübadiləsində, həm də elektron xidmətlərdə vacib olan elektron sənədlərin onlayn imzalanmasında olan mürəkkəblik, veb üzərindən sənədlərin imzalanmasına imkanın olmaması, istifadəçi tərəfindən istifadə olunan əməliyyat sistemlərinə və brauzerlərə olan məhdudiyyətlər elektron imzanın geniş istifadəsinə müəyyən çətinliklər yaradırdı.

Elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud “E-imzalayıcı” proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, bu digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır  və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edir. Digər tərəfdən, sənədlərin onlayn imzalanması prosesində çoxlu sayda əməliyyatın icrası tələb olunması səbəbindən imzalanma prosesinin uzanması bütünlükdə elektron imzanın tətbiqinə əngəllər yaradırdı.

Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud “E-imzalayicı” proqramını yenidən qurmaq, heç bir əməliyyat sistemindən və brauzerdən asılı olmayan, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram hazırladılar.   Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, “E-hökumət” portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

- Cənab prezident İlham Əliyevin 28 Noyabr 2014-cü ilin fərmanına əsasən tətbiq olunacaq yeni nəsil şəxsiyyət vəsiqələrinin funksiyalarına e-imzanın daxil edilməsi e-sənəd mübadiləsinə və ümumiyyətlə elektronlaşmaya təsirini necə dəyərləndirirsiniz? Yeni nəsil şəxsiyyət vəsiqələri üzrə Milli Sertifikat Xidməti Mərkəzində hansı işlər görülür?Tərkibində e-imza olan yeni vəsiqələr hansı yaş dövrü vətəndaşlar üçün mümkün ediləcək?

Hazırda ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən tətbiq edilir. Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradır.

Prezident İlham Əliyev 8 fevral 2012-ci il tarixində"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 28 noyabr 2014-cü il tarixində "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bu vacib sənədlər Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır.

15 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşının sahib olacağı elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə, yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə RYTN MHM tərəfindən layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanmış, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi  ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılmış, elektron imza   sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra senarisi hazırlamış və bu senarisinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılmışdır. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatınının sınaq işləri keçirilir.

Hal-hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinın mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir.Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

- Nadir müəllim, müsahibəyə görə çox sağ olun. Qarşınızda duran işlərin reallaşmasında müvəffəqiyyətlər arzulayırıq.

Minnətdaram. Mən də sizə Məlumat Hesablama Mərkəzinin kollektivi tərəfindən görülən işlərin ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.