You can return to the old version of the website

Open old version

Mobil nömrələrin (sim kartların) satışı haqda yeni qərarın sosial əhəmiyyətli yeni elektron xidmətlərin hazırlanmasına müsbət təsiri olacaq

3190
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edildi. Belə ki, yeni qərar əsasında telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir. Yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

Bu qərarın hansı əsas üstünlükləri var və bu qərarın icrasına başlandıqdan sonra hansı dəyişikliklər olacaq...

Birinci əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar  subyekt barədə ilkin mənbədən  formalaşdırılmaqla  dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək və bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq. Qeyd edək ki, hazırda sənədləşmə prosesi xeyli vaxt aparırıdı və abunəçilər sənədləşmə olmadan  günlərlə mobil rabitə xidmətlərindən istifadə edirdilər. Bundan sonra mobil nömrələrdən sui-istifadə edərək qeydi-qanuni addımlar atılmasının da qarşısı alınacaq. Bunun isə bir çox məsələlərə, o cümlədən hüquq-mühafizə orqanlarının işinə müsbət təsiri olacaq.

İkincisi, hər 3 mobil operatorun abunəçi bazaları mütəmadi olaraq tərəfimizdən İAMAS-la üzləşdirilir və çox sayda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. uyğunsuzluqlar var ki, bu da İnformasiya Sistemlərinin FİN-ə uyğunlaşdırılmasında, qurumlararası məlumat mübadiləsinin təşkilində, şəxsi kabinetlərin yaradılmasında, bəzi e-xidmətlərin təşkilində və s. bir sıra problemlər yaradır. Sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra belə səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq.  Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri mümkün olacaqdır.

Ücüncüsü, bir abunəçi başqa abunəçinin  adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək . Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi mümkün olacaq.

Bir şeyi də qeyd etmək lazımdır ki, telefon nömrələrinin, sim kartların satışı ilə bağlı qaydalar təkcə mobil operatorlara yox, həm də dilerlərə və mağazalara aid edilib və onlar da satış prosesinə daha ciddi yanaşmalı olacaqlar.

Yeni qərarın "Elektron Hökumət" quruculuğuna və  e-xidmətlərə təsiri olacaqmı...

Qeyd edək ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik yaradırdı və bu qərarın "Elektron Hökumət" quruculuğuna birbaşa müsbət təsirləri olacaq. Belə ki,

  • * Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra "Elektron Hökumət" portalı üzərindən təqdim edilən sosial xidmətlərin çeşidinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq;
  • * "Elektron Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq;
  • * "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara istənilən  dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkün olacaq;
  • * "Elektron Hökumət" portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq;
  • * Vətəndaşlarla əks əlaqə yaratmaq mümkün olacaq;
  • * “Elektron Hökumət” portalında onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq;
  • * Hüquq-mühafizə orqanlarına təqdim edilən məlumatlar daha dolğun və dəqiq olacaq

və s.