Məlumat verdiyimiz kimi, “Elektron Hökumət” portalının Operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyyinin Məlumat Hesablama Mərkəzi təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün ötən il 157 Zəng (Çağrı) Mərkəzini yenilədi. Əsaslı şəkildə yenilənən mərkəz istər texniki avadanlıqlar baxımından istərsə də ixtisaslı kadr baxımından tam şəkildə təchiz edilmişdir. Keçən bir il ərzində Zəng (Çağrı) Mərkəzinə olunan müraciətlərin sayı xeyli artmışdır. Ötən ilin sentyabr ayından bu günə qədər yenidən rekonstruksiya edilmiş mərkəzə 61071 zəng daxil olmuşdur və bütün zənglər operativ şəkildə cavablandırılmışdır. Bundan əlavə, 157 Zəng (Çağrı) Mərkəzi "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim olunan Onlayn Konsultasiya xidməti vasitəsilə daxil olan müraciətləri də cavablandırır. Onlayn Konsultasiya üzrə mərkəzə cəmi bir ay istifadəyə verildiyinə baxmayaraq 3964 müraciət daxil olmuşdur. Həmçinin, MHM-in elektron poçt ünvanı üzrə mərkəzə ~30000 müraciət daxil olmuş və hər bir müraciətə eyni diqqətlə baxılmışdır. Bundan başqa gün ərzində MHM-in skype və facebook ünvanına 20-dən artıq müraciət daxil olur və MHM-in işçi heyəti vətəndaş məmnuniyyətini əsas tutaraq, bu müraciətləri dərhal yerindəcə həll edir.
MHM-nin Zəng (Çağrı) Mərkəzi bu yaxınlarda daha bir innovativ xidmətin təqdimatına hazırlaşır. Belə ki, tezliklə, mərkəzə qurumlarla bağlı daxil olunan müraciətlərin dərhal aidiyyatı qurumun zəng mərkəzinə yönləndiirlməsi üçün sistem yaradılacaq. Bununla da, vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.
Çağrı Mərkəzinin komandası öz öhdəliklərini yüksək peşakarlıqla icra etməkdədirlər. Bu gün vətəndaşlar tərəfindən MHM-in poçt ünvanına gələn çoxsaylı təşəkkürlər öz işini layiqincə yerinə yetirən komandanın əməyinin vətəndaşlar tərəfindən yüksək dəyərləndirildiyinin xəbərçisidir.