You can return to the old version of the website

Open old version

Ünvanlı sosial yardımların alınması üçün “Elektron Hökumət” portalı vasitəsilə müraciət etmək mümkün olacaq

76439
Print the text Copy text t1 t0 t2

Vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb.
Vətəndaşlar  tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb.
Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asan və rahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır.
Proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparacaq.

Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilən xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.

Elektron müraciət edən vətəndaşın vəziyyətinin araşdırılması üçün ondan əlavə arayış və məlumatlar tələb edilməyəcək. Ünvanlı dövlət sosial yardımına edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.

Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək və bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar analoji olaraq ailəni təmsil edən şəxsin elektron ünvanına  və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək. 

Yeni sistem işə düşdükdən sonra vətəndaşlar kompüterlərindən, mobil telefonlardan və  poçt şöbələrində xüsusi quraşdırılmış infoköşklərdən və kompüterlərdən istifadə etməklə ünvanlı yardım almaq üçün müraciət edə biləcəklər. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün şəhər və rayonlarda  poçt şöbələrində quraşdırılacaq və onlar “Elektron Hökumət” portalına qoşulacaq.

Beləliklə, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması aztəminatlı ailələrin çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.