You can return to the old version of the website

Open old version

Hökumət Ödəniş Portalı "Elektron Hökumət" portalına tam olaraq inteqrasiya edildi

12887
Print the text Copy text t1 t0 t2

Məlumdur ki, nağdsız ödənişlər məhz informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir inkişaf səviyyəsinə çatmasından sonra mümkün olub. Bununla bağlı olaraq, "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"da müəyyənləşdirilən hədəflərdən biri nağdsız ödənişlər sisteminin inkişaf etdirilməsidir.

Hazırda, ölkəmizdə nağdsız ödənişlərin həyata keçirilməsi məsələsi istər fərdi cihazlarla istərsə də, xüsusi ödəniş terminalları vasitəsilə ictimai səviyyədə həllini tapmışdır.

Bu baxımdan bir çox strategiyalar qəbul olunmuşdur, xüsusəndə dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin (MÖS) İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" təsdiqlənməsi ilə yaradılan milli ödəniş sisteminin imkanlarından daha aktiv istifadə olunmasını, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılmasını, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasını mümkün etmişdir. Adı çəkilən proqram ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsini və regionlara istiqamətləndirilməsini təmin etdi.

Dövlət Proqramının əsas tədbirlərindən biri kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkşaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi idi.  Bununla bağlı, Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası təsdiq edildi.

MÖS infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdan kənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirildi və KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) yaradıldı.

Ölkədə müxtəlif nağdsız ödəniş sistemlərinin yaradılmasının əsas mahiyyəti irili-xırdalı bütün ödənişlərin abonent bazasını yaratmaqla ödəniş prosesinin səmərəliliyini və şəffaflığını təmin etmək  vətəndaşlara ən müasir ödəniş mexanizmləri vasitəsilə ödəmələrin aparılmasına şərait yaratmaqdandır.

Ölkədə nağdsız ödənişlərin həcminin artırılması nəticəsində dövriyyədə olan nağd pul kütləsinin əksər hissəsi banklara cəlb edilir ki, bununla da pul siyasətinin effektiv həyata keçirilməsi, investisiya potensialının yüksəldilməsi gətirib çıxarır.

Bu günlərdə isə mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, bank xidmətlərinə çıxış imkanının artırılması, nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində "Hökumət Ödəniş " portalı yenilənərək, "Elektron Hökumət" portalına inteqrasiya edilmişdir.

Bununla əlaqədar olaraq, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin HÖP infrastrukturuna inteqrasiyası üçün "Hökumət Ödəniş Portalı ilə əməliyyatların aparılmasına dair" Kollektiv saziş imzalanmışdır. HÖP-ə inteqrasiyası üçün ən müasir texnoloji həllərə əsaslanan informasiya mübadiləsi servisləri tətbiq olunmuşdur.

"Elektron Hökumət" portalına inteqrasiya edilmiş "Hökumət Ödəniş" portalı müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin, yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün birlikdə ödəniş etmək imkanına sahib olacaq.

Artıq Portalda əks olunan "Kommunal" bölməsi  vasitəsilə Azəriqaz, Azərsu, Azəristilik, Azərişıq (Bakı), Azərişıq (Regionlar) üzrə ödənişləri çevik və operativ şəkildə icra etmək mümkün olacaq.

Portalın "Rabitə" bölməsi Azərcell, Nar Mobile, Bakcell, Stasionar Telefon Xidmətləri  üzrə ödənişləri bir arada toplayır. Artıq vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər.

"İpoteka" bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.

"Büdcə" bölməsi Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ödəniş xidmətləri inteqrasiya olunmuşdur. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar.

"Məlumatları yenilə" üstünlüyü ilə istifadəçi bəzi fərdi məlumatları sistem tərəfindən dərhal əldə edə bilir. Yadda saxla və imtina düymələri vasitəsilə vətəndaşa çıxan məlumatdan faydalanmaq imkanı verilir. Axtarış servisi vasitəsilə xidmətlər üzrə axtarış etmək sadələşdirilmişdir.

Ən əsası isə vətəndaşlar, hüquqi və fiziki şəxslər bir məkandan  yəni "Elektron Hökumət" portalından bütün ödənişlərini reallaşdırdığı vaxtda portal üzərindən digər xidmətlərə də müraciət edə biləcək. Beləliklə, "Elektron Hökumət"in mühüm prinsipi olan "bir pəncərə" üzrə xidmət təminatı ödənilmiş olacaq.