You can return to the old version of the website

Open old version

Rusiya Federasiyasının “Elektron Hökumət” portalı

4992
Print the text Copy text t1 t0 t2

Bütün  ölkələrdə informasiyalaşmanın əsas təşəbbüskarı qismində dövlətlər çıxış edir. Rusiya Federasiyası da bu baxımdan istisna deyil.  Rusiya Federasiyasının Prezidenti tərəfindən “Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişafı strategiyası”  7 fevral 2008-ci ildə təsdiqlənmişdir.

İmzalanmış strategiya ölkənin informasiya cəmiyyəti qurmaq yolunda, informasiya və telekommunikasiya texnologiyaları (İKT), elm, təhsil və mədəniyyət sahəsində dövlət siyasətinin hədəfləri, prinsipləri və əsas istiqamətlərini müəyyənləşdirən sənədlər toplusudur.  Rusiya Federasiyasında informasiya cəmiyyətinin inkişafı strategiyasının əsas istiqamətlərindən biri dövlət və yerli idarəetmənin effektliyini artırmaq, vətəndaş cəmiyyəti və biznes fəaliyyəti ilə məşğul olanların  dövlət xidmətləri ilə qarşılıqlı anlaşmasına nail olmaq, dövlət xidmətlərinin göstərilməsində keyfiyyət və operativliyi təmin etmək, həmçinin elektron idarəçiliyin formalaşdırılmasıdır. Rusiya Federasiyasında “Elektron Hökumət”in formalaşması sosial-iqtisadi və dövlət idarəetməsi sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə mümkün olmuşdur.

 Vahid hökumət portalı isə 2009-ci ilin dekabrından fəaliyyətə başlamışdır. 20 oktyabr 2010-cu ildə Rusiya Federasiyası Hökumətinin 1815 nömrəli sərəncamı ilə “İnformasiya cəmiyyəti” (2011-2020) adlı dövlət proqramı qəbul olunmuşdur. 1 iyul 2012-ci il tarixdən etibarən isə bütün regional icra və bələdiyyə qurumları qurumlararası münasibətlərini internet üzərindən tənzimləməyə başlayıblar.

 “İnformasiya cəmiyyəti” (2011-2020) adlı dövlət proqramı informasiya və telekommunikasiya texnologiyalarından vətəndaş və təşkilatların bərabərhüquqlu istifadəsini, informasiya resusrlarına daxil olmasını,  rəqəmsal sahənin inkişafını, informasiya cəmiyyətində təhlükəsizliyin artırılmasında dövlət idarəetməsinin effektliyinin yüksəldilməsini nəzərdə tutur.

“İnformasiya Cəmiyyəti” (2011-2020) dövlət proqramının 2011-2014-cü illər üçün qoyduğu əsas vəzifələr aşağıdakılar olmuşdur:

  • - İnformasiya cəmiyyətində vətəndaşların həyat şəraitinin yaxşılaşdırması və biznes mühitinin yüksəldilməsi;
  • - Elektron idarəetmənin qurulması və dövlət idarəetməsinin effektliyinin artırılması;
  • - İnformasiya və telekommunikasiya texnologiyaları sahəsində Rusiya bazarının inkişafı, informasiya texnologiyalı iqtisadiyyata keçid;
  • - İnformasiya texnologiyaları sahəsində regionlararası fərqi aradan qaldırmaq və informasiya cəmiyyətinin infrastrukturunun bazasını yaratmaq:
  • - İnformasiya cəmiyyətində təhlükəsizliyin təmin olunması;
  • - Rəqəmsal sektorun inkişafı və  mədəni irsin qorunması.

“İnformasiya Cəmiyyəti”nin inkişaf strategiyasına uyğun olaraq 2018-ci ilə qədər RF-da dövlət tərəfindən göstərilən bütün xidmətlərin 70%-i elektron formada təqdim olunmalıdır.

Dövlət orqanlarında İKT-nın əsas inkişaf istiqamətləri aşağıdakılardan ibarətdir :

*  Əhalinin vahid reyestri;

*  Binaların və ev təsərrüfatlarının geokodu;

*   Elektron imzanı tətbiqi;

*   Dövlət orqanlarına məlumatların ötürülməsi üzrə vahid şəbəkə;

*   Elektron sənəd dövriyyəsi;

*  İdarəetmə kadrlarının federal portalı;

*  Elektron ticarətdə müstəqil qeydiyyat;

*  Lisenziyaların elektron qeydiyyatı;

*  Maliyyə təminatının vahid qeydiyyatı;

*  Girov qoyulmuş əmlakın vahid qeydiyyatı;

*  Elektron və şifrələnmiş sənədlərin vahid arxivi ;

*  Bütün sosial infrastruktur obyektlərinin qeydiyyatı ;

*  Açıq məlumatlar;

*  Dövlət orqanlarında sərbəst proqram təminatı;

*  İKT-dövlət qulluqçuları üçün təhsil;

*  Elektron səhiyyə;

*  Sürücülük vəsiqəsinin verilməsi;

*  Elektron pasport;

*  Şəxsi məlumatların qorunması.

Rusiya Federasiyasının dövlət xidmətləri elektron formada “Elektron Hökumət” portalı (gosuslugi.ru) vasitəsilə fəaliyyət göstərir. Portalın xidmətləri rus, ingilis, alman və fransız dillərindədir. Saytda şəxsi kabinet fəaliyyət göstərir və şəxsi kabinetdən istifadə üçün qeydiyyat vacibdir.  Portalda Rusiya Federasiyası ərazisi, həmçinin xaricdən əlaqə saxlamaq üçün telefon xidmətləri də təklif olunur.

Portalda  dövlət xidmətləri və hökumət orqanları kimi bölgü aparılmışdır. Dövlət xidmətləri hədəf qrupları olaraq 4 yerə  bölünür:

  1. Fiziki şəxs
  2. Sahibkarlıq  subyektləri
  3. Xarici vətəndaşlar
  4. Hüquqi şəxslər.

Fiziki şəxslər üçün göstərilən elektron xidmətlər bunlardır:

Çipli ümümvətəndaşlıq pasportunun verilməsi, çipsiz ümumvətəndaşlıq pasportunun verilməsi, RF vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin yoxlanması və ödənilməsi, vergi borclarının yoxlanması və ödənilməsi, məhkəmə xidmətləri borclarının yoxlanması və ödənilməsi, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi, minik vasitələrinin qeydiyyatı, yaşayış yerinin qeydiyyatı, vergi bəyannaməsinin verilməsi, hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin qeydiyyatı, pensiyanın baza hissəsinin öyrənilməsi, silahın alınması və ya müddətinin uzadılması ilə bağlı lisenziya, məhkum olunma haqqında arayışın alınması, həkim qəbulu ilə bağlı qeydiyyat.

Sahibkarlıq subyektləri üçün göstərilən xidmətlər bunlardır:

Vergi bəyannaməsinin verilməsi, dövlət sosial proqramları haqqında məlumat,  VÖEN-in öyrənilməsi, tibbi-sosial ekspertizanın keçirilməsi, tibbi-sosial ekspertizadan şikayət verilməsi, ödənilmiş və hesablanmış sığorta ilə bağlı qeydiyyat, təyinatlı vətəndaşlara xidmət göstərən radio tezliklərin qeydiyyatının ləğvi, radio tezliklərin qeydiyyatının uzadılması, sığorta ödəyicilərinin büdcədənkənar fondlara ödənişlərinin qeydiyyatı, reyestr xidmətində olan məlumatların əldə edilməsi, analıq məzuniyyəti və digər müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı hesabatın verilməsi, kimyəvi, oddan təhlükəli, 1, 2 və 3-cü dərəcəli təhlükəli zonalarda işləmək üçün qeydiyyatın aparılması, şəxsi məlumatlar bazası ilə işləyən operatorların reyestri, rabitə sahəsində xidmətlə bağlı qeydiyyat.

Xarici vətəndaşlarla bağlı xidmətlər bölməsində  isə aşağıdakılar nəzərdə tutulmuşdur;

Məhkum olunma haqqında arayış, həkim qəbulu üçün qeydiyyat, dövlət sosial proqramları haqqında məlumat, vətəndaşlığı olmayan şəxslərin RF-yə daxil olması haqqında arayış, VÖEN-in öyrənilməsi, RF ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması, yaradıcılıq patentinin alınması, yeraltı ehtiyatlardan istifadə ilə bağlı icazənin alınması, yeraltı sərvətlər üçün verilmiş icazənin vaxtının uzadılması və ya dəyişdirilməsi, yeraltı sərvətlər üzrə lisenziyaların yenidən rəsmiləşdirilməsi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydalar əsasında iri qabaritli və ağır tonnajlı yük avtomobillərinin RF ərazisi yollarından istifadə üçün icazə, xarici çap materiallarının RF ərazisində yayılması üçün icazənin verilməsi, gömrük reyestrindən ərizənin alınması.

Hüquqi şəxslərlə bağlı xidmətlər bölməsində isə aşağıdakı xidmətlər göstərilmişdir;

Məhkəmə məmurları tərəfindən saxlanılma haqqında məlumat verilməsi, nəqliyyat vasitələrinin qeydiyyatı, avto/moto nəqliyyat vasitəsinin utilizasiya olunması ilə bağlı qeydiyyatdan çıxarılması, nəqliyyat vasitələrinin qeydiyyatı, avto/moto nəqliyyat vasitələrinin təkrar qeydiyyatı, nəqliyyat vasitəsinin sahibinin məlumatlarının dəyişdirilməsi ilə bağlı qeydiyyatın yenilənməsi, avtomotonəqliyyat vasitəsinin RF ərazisi sərhədlərini tərk etməsi ilə bağlı qeydiyyatın ləğv olunması, RF ərazisinə xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin daxil olması ilə bağlı dəvətin verilməsi, VÖEN-in öyrənilməsi, qeyri-kommersiya təşkilatları, onların filialları, həmçinin xarici qeyri-kommersiya təşkilatları haqqında yazılı və elektron formada məlumatların alınması, tibbi-sosial bürodan şikayətin verilməsi, rabitə xidmətlərinə uyğun deklarasiya haqqında informasiyanın alınması, çap mətbuatının tirajı ilə bağlı informasiyanın alınması, analıq məzuniyyəti və digər müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı siğorta məsələlərinin qeydiyyatı, siğorta şikayətləri ilə bağlı siğorta ödəyicilərinin qeydiyyatı.

Portalın ikinci bölməsində isə hökumət orqanları göstərilmişdir. Burada başda Rusiya Federasiyasının prezidenti olmaqla Federal orqanlar pilləli şəkildə göstərilir.

Portalın ən sonunda facebook, vkontakte və tvitter sosial şəbəkələrində paylaşma ilə bağlı hissə yerləşdirilmişdir.

Rusiya Federasiyasının “Elektron Hökümət” portalında həm də görmə qabiliyyəti zəif vətəndaşlar üçün elektron xidmətlər fəaliyyət göstərir.