You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" bülleteninin oktyabr sayının təqdimat mərasimi keçirildi

2396
Print the text Copy text t1 t0 t2

9 oktyabr  tarixində "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin oktyabr sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri, Mərkəzi Seçki Komisiyasının İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rüfət Gülməmmədov, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov iştirak etdi.

 

 

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Nail müəllim bildirdi ki, portal üzərindən təqdim olan e-xidmətlərin sayı və e-xidmətlərdən istifadədə dinamik artım var. Belə ki, "Elektron Hökumət" portalına daxil olanların sayı 2,5 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 16,1 milyonu keçmişdir. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 422-yə çatmışdır. Statistik göstəricilərə görə sentyabr ayı ərzində  portala müraciət edənlərin 27,3%-ni yeni istifadəçilər, 72,7%-ni təkrar müraciət edənlər təşkil edib. 

Məruzəçi həmçinin "Elektron Hökumət" portalının yeni dizaynı barədə məlumat verdi. Bildirdi ki, yeni dizayn istifadə baxımından daha rahat və əlverişlidir. N. Mərdanov bütün media işçilərini "Elektron Hökumət" üzrə təhlillər aparmağa, bu sahənin mütəmadi işıqlandırılması və gündəmdə saxlanılmasına diqqət ayırmağa səslədi.

Sonra, N.Mərdanov tədbirdə iştirak edən Mərkəzi Seçki Komisiyasının şöbə müdirlərini təqdim edərək, bu il ölkəmizdə Milli Məclisə seçkilər keçiriləcəyini vurğuladı. Məruzəçi qeyd etdi ki,  vətəndaşlar cari ildə MSK-nın e-xidmətlərindən aktiv şəkildə istifadə ediblər. Belə ki, bu ilin 9 ayı ərzində  MSK-nın xidmətlərindən 10 574 dəfə istifadə olunub. 

 

Mərkəzi Seçki Komisiyasının İnformasiya Mərkəzinin müdiri R.Gülməmədov çıxış edərək qeyd etdi ki, informasiya-kommunikasiya texnologiyaları bu gün yaşadığımız həyatın ayrılmaz hissəsidir. İKT sahəsində baş verən yeniliklər həyatın bütün sahələrinə təsir etməkdədir. Belə sahələrdən biri də demokratiyanın bərqərar olmasının təsirli mexanizmlərindən olan seçkilər prosesidir. Seçkilərdə İKT-nin tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur.

Azərbaycanda seçki prosesində İKT-nin ilkin tətbiqi 2000-ci ilə təsadüf edir. "Seçkilər" Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılması ilə başlanan bu iş seçki prosesini, səslərin qeydiyyata alınması və hesablanması məsələsini xeyli sadələşdirmişdir.

Hazırda Mərkəzi Seçki Komisiyası tərəfindən “Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 6 növ  elektron xidmətlər təqdim olunur və  vətəndaşlarımız  portal üzərindən istənilən vaxt autentifikasiyadan keçmədən qeyd olunan xidmətlərdən istifadə etməklə faydalı məlumatları asanlıqla əldə edə və müraciətlər göndərə bilirlər.

Məruzəçi çıxışının sonunda qeyd etdi ki, bu ildə seçki prosesində İKT-nin tətbiqi genişləndiriləcək və 1 noyabr tarixində keçiriləcək seçkilərdə vətəndaşların daha aktiv iştirakını təmin edəcəkdir.

 

 

Həmçinin, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli çıxışında seçki prosesinə müasir texnologiyaların 2008-ci ildən tətbiq edildiyini söylədi. O veb-kameraların seçki prosesinin onlayn izlənilməsinə tətbiqinin rolundan danışdı. Qeyd etdi ki,  səsvermə kabinəsi istisna olmaqla seçki məntəqələrində müvafiq proseslər veb-kameralar vasitəsilə onlayn rejimdə  izlənilir. Bu da aşkarlığı və şəffaflığı təmin etməyə imkan verir.

Sonra N.Mərdanov bu ay Mədəniyyət və Turizm Nazirliyinin 11 yeni e-xidmətinin portala inteqrasiya edildiyini bildirdi və sözü Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri  Qabil Abbasova verdi.

 

 

Q.Abbasov vurğuladı ki,  Mədəniyyət və Turizm Nazirliyi e-xidmətlər portalında 2011-2012-ci ildən başlayaraq 6 elektron xidməti əhalinin istifadəsinə vermişdir. Onlardan 3-ü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24  noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmişdir. 2015-ci ildə Nazirlik daha 3 yeni xidməti öz resurslarında yerləşdirmişdir. Bu xidmətlərdən 2-si Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuşdur. Hazırda Nazirlik 9 elektron xidmət təqdim edir. 2015-ci ilin sentyabr ayında bu xidmətlərin hamısı “Elektron Hökumət” portalına inteqrasiya edilmişdir. Bununla yanaşı “Açıq Hökumət” məlumat portalına Nazirlik tərəfindən 8 servis əlavə olunmuşdur. Həmçinin Nazirlik “Elektron Hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsini də təmin etmişdir.

Məruzəçi qeyd etdi ki, dövlət qurumları arasında ilk olaraq Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən lisenziyalarla bağlı müraciətlər 2012-ci ildən onlayn qəbul edilir və lisenziyalar haqda məlumatlar elektron formada təqdim olunur. Bu da Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli Fərmanından irəli gələn bəzi məsələləri özündə əks etdirir.

Məruzəçi, həmçinin, “Elektron Hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsi haqqında məlumat verdi. Qeyd etdi ki, fiziki və hüquqi şəxslərin  lisenziyaları haqqında arayışların verilməsi ölkəmizdə lisenziyasız fəaliyyət göstərən istirahət mərkəzlərin öyrənməkdə həm vətəndaşlara, həm də turistlərə yardımçı olacaq. 

Qabil Abbasov artıq Mədəniyyət və Turizm Nairliyinin 12 xidmətinin portal inteqrasiya etdiyini  söylədi.  Məruzəçi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Açıq Hökumət” məlumat portalına təqdim edilmiş servislər, xüsusilə “GoMap”  haqqında da məlumat verdi. Qeyd etdi ki, mütəmadi olaraq xəritədə yenilənmələr gedir və artıq  “GoMap” Azərbaycana gələn turistlərin respublika daxilində sərbəst hərəkət etmələri üçün bir naviqasiya sistemi formalaşdırıb. Bu sistem demək olar ki, turistlər üçün həm də  taksi xidməti göstərir. Turist gedəcəyi A və B nöqtəsini xəritədə müəyyən etməklə taksi xidmətinin məbləğini hesablaya biləcək. Bununla bağlı London taksiləri ilə müqavilə də imzalanıb. Gələcəkdə digər taksi xidməti göstərən şirkətlərlərlə də bu cür müqavilələrin bağlanması gözləniləndir. 

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.