You can return to the old version of the website

Open old version

"Bakutel 2015" 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində hansı yeniliklər gözlənilir?

2002
Print the text Copy text t1 t0 t2

2-5 dekabr tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı (“Bakutel 2015”) keçiriləcək. Regionun ən böyük İKT tədbirlərindən olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını Bakıda bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas məkan kimi, “Bakutel” sərgisi regionda möhkəm əməkdaşlıq əlaqələrinin qurulduğu və yeni tərəfdaşlıqların təsis olunduğu başlıca biznes platformasıdır.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Bakutel” sərgisinin təşkilatçısı kimi, sərginin inkişafında və formalaşmasında mühüm rol oynamışdır. Həmçinin,  Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.

Sərgidə Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət “Bakutel 2015”-də iştirak edəcək. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorlarının iştirakı gözlənilir.

Hər il olduğu kimi bu il də RYTN-nin Məlumat Hesablama Mərkəzi “Bakutel 2015” sərgisində 45 qurum üzrə 432 elektron xidməti "bir pəncərə" prinsipi ilə vətəndaşlara təqdim edən "Elektron Hökumət" portalı üzrə yenilikləri nümayiş etdirəcək.

Xəbər verdiyimiz kimi, cari ildə portal yeni daha sadə və istifadəçiyönümlü dizaynda istismara verildi. Bundan başqa portalın mobil versiyası 18 elektron xidmət və bildiriş servisi ilə vətəndaşların istifadəsinə verilib. Həmçinin, portala inteqrasiya olunmuş Hökumət Ödəniş Portalı üzrə 300 elektron ödəniş xidmətini də əldə etmək mümkündür. Bu ilin yanvar ayında istifadəyə verilən "Elektron Hökumət" portalının tərkib hissəsi olan www.data.e-gov.az portalı bir sıra dövlət qurumları tərəfindən açıq edilmiş 25 adda qeyri-fərdi məlumatlar bazasını özündə əks etdirir. Burada mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənir və təkmilləşir və  www.data.e-gov.az portalı vasitəsilə vətəndaşlar və biznes strukturları dövlət qurumları tərəfindən yaradılan və açıq edilən məlumatları heç bir ödəniş etmədən əldə edə, veb və mobil servislərin hazırlanması üçün istifadə edə bilərlər.

Sərgi çərçivəsində keçirilən çoxsaylı görüşlər, forumlar və konfranslar bütün dünyada İKT sahəsi üzrə ən son nailiyyətləri, eləcə də Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verir. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri – beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüşlər, danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də maraqlı müsabiqə və viktorinalar sərginin bütün iştirakçılarının və ziyarətçilərinin yolunu gözləyir.